Gəncədə marketin yaxınlığında 1 ədəd mərmi tapılıb

Oktyabrın 9-da saat 22:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində yerləşən “Şam marketin” yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

SİA ANAMA-ya istinadən bildirir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 mm-lik top mərmisi (F-534) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 9-dək 196 siqnal (əməliyyat çağırışı) əsasında 169 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 884 ədəd partlamamış hərbi sursat (PHS), 28 508 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 22 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 158 980 kvadratmetr ərazi yerüstü və 12 527 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə