Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin növbəti müddətə Prezident seçildiyi gündür
9 oktyabr 2013-cu il tarixində keçirilən növbəti prezident seçkiləri - Azərbaycanda ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğunu təsdiqləyən tarixi gün. Həmin gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini etdi və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi.
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə, öncə, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Bununla, Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bütün sivil, demokratik, dünyəvi ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki prosesinə hər zaman böyük ictimai maraq göstərilir. 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində prezident seçilməyə iddialı namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan və təqdirəlayiq haldır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, 2013-cü ildə keçirilən seçkilərdə də, çox fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevə səs verdilər. Bütün bunlar, ölkəmizin tərəqqisi, inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi.
YAP - düzgün seçki siyasətinin uğulu yolçusu
Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada növbəti dəfə prezident seçkilərinin favoritinə çevrilən Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real və ciddi alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində, birmənalı şəkildə, böyük səs çoxluğu ilə layiqli qələbə qazanıb. Odur ki, 9 oktyabr seçkilərində qazanılan növbəti möhtəşəm qələbə, məntiqi qanunauyğunluq kimi, Yeni Azərbaycan Partiyasının ardıcıl qələbələr seriyasını tamamlayır. Bu seçkilərdə partiyanın növbəti böyük, inamlı qələbəsi xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin, məhz Yeni Azərbaycan Partiyasının namizəd İlham Əliyev Cənablarına səs verməsi sayəsində əldə edilib. Partiyanın inamlı qələbə qazanmasında Yeni Azərbaycan Partiyası namizədlərinin uğurla həyata keçirilən təbliğat-təşviqat kampaniyası, seçicilərlə qurulan fəal, səmimi ünsiyyət də mühüm rol oynayıb. Seçkilərə "İLHAMLA İRƏLİ!" şüarı ilə qatılan YAP, ölkənin aparıcı siyasi təşkilatı kimi, Azərbaycanı tərəqqiyə və rifaha aparan alternativsiz ictimai-siyasi qüvvə olduğunu qazandığı inamlı qələbə ilə təsdiqləyib.
Dövlətin mənafeyinə cavab verən ən ali prinsiplər
"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyə tarixi bəyanat vermiş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
Ötən illərin nəticələri və yekunları, bir daha sübut edir ki, Onun rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Prezident İlham Əliyevin yeni strateji fonda müəyyənləşdirdiyi və reallaşdırdığı kursun iqtisadi, siyasi, sosial, hüquqi, humanitar və mədəni sahələrdə verdiyi effektiv nəticələri diqqətə çatqırmaq üçün bir neçə strateji istiqamətə nəzər yetirmək lazımdır... Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası, ilk növbədə, sosial-iqtisadi sahənin inkişafını təmin edib. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq, sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin, ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin bazis komponenti olan iqtisadi inkişafın təmin edilməsi, bütövlükdə, sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib...Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması, bütövlükdə, ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub...
Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantıdır
Bu, həqiqətən də, belədir. Belə ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Eyni zamanda, hal-hazırda Azərbaycanın Avropanın təhlükəsizliyində önəmli yer alması, güclü iqtisadi potensialın daha da qüdrətlənməsi bu amili ehtiva etməkdədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də, məhz ölkəmiz çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq, heç bir subyektdən asılı olmadığını da təsdiq edir. Məsələn, "Bakı-Tbilisi-Qars" dəmiryolu (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. Təsadüfi deyil ki, "Dəmir İpək Yolu" adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq, BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Sadalanan bu proseslərin qanunauyğun nəticəsi kimi dünyanın, demək olar ki, bütün analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə, məhz bu cür qiymət verdi: "BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. "Dəmir İpək Yolu" - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə, gündəmə gələndə, güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...".
Azərbaycanın praqmatik xarici siyasəti...
Bu gün Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasət yeritməsinin digər əsas göstəricisi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ölkəmizin tutduğu prinsipial mövqe və sərgilədiyi praqmatik xarici siyasətdir. Məhz bunun nəticəsidir ki, danışıqlar prosesi olduqca intensivləşib və işğalçı Ermənistanın barışmaz mövqeyi fiaskoya uğramaqdadır. Buna paralel olaraq, dünyanın, demək olar ki, bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar, birmənalı olaraq, qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, həll edilməsi qaçılmaz və zəruri bir prosesdir...
Bir sözlə, bütün bunlar onun göstəricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq leksikonda "milli inkişafın Azərbaycan modeli" anlayışı meydana çıxıb. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə, Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə, öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!
Beləliklə, İlham Əliyev Prezident seçilməklə güclü dövlət-lider vəhdəti ilə müstəqil və müasir Azərbaycanı qüdrətləndirdi. 9 oktyabr prezident seçkiləri növbəti 5 ildə ölkəmiz üçün əsl uğur təntənəsi kimi Azərbaycanın şərəf tarixinə yazıldı. Azərbaycan seçicisi bundan öncəki seçkilərdə olduğu kimi, növbəti prezident seçkisində də Ulu Öndər Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı Cənab İlham Əliyevə səs verdi. Cənab İlham Əliyevin yekdilliklə prezident seçilməsi təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirilir. Zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB