Asəf Hacıyev: “Ölkəmizdə aparılan işlər nəticəsində bir müddətdən sonra Xocalı faciəsinin soyqırımı kimi tanınması mümkün olacaq”

Asəf Hacıyev: “Ölkəmizdə aparılan işlər nəticəsində bir müddətdən sonra Xocalı faciəsinin soyqırımı kimi tanınması mümkün olacaq”
"Xocalı soyqırımın dünyada tanınması uzun bir prosesdir. Bu istiqamətdə Azərbaycan xalqı, dövləti, bütün strukturlar iş görürlər". Bu sözləri millət vəkili Asəf Hacıyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, faciə ilə bağlı ölkəmizdə aparılan işlər nəticəsində bir müddətdən sonra Xocalı faciəsinin soyqırımı kimi tanınması mümkün olacaq. Onun sözlərinə görə, faciənin soyqırımı kimi tanınmasına dair görülən işlərdən ən önəmlisi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlərdir.

"Onun rəhbərlik etdiyi "Xocalıya Ədalət" kampaniyası vasitəsilə hər il bir sıra ölkələrdə tədbirlər həyata keçirilir, mühüm işlər görülməkdədir. Ümumiyyətlə, faciə ilə bağlı həm kampaniya vasitəsilə, həm də digər işlər nəticəsində ildən-ilə Xocalı faciəsini tanıyanların sayı artmaqdadır", -deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, bu gün Xocalı faciəsinin 19-cu ildönümüdür. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə