“Gənclik” proqramının açılış mərasimi keçirilib - FOTOLAR

“Gənclik” proqramının açılış mərasimi keçirilib - FOTOLAR

8 oktyabr 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində “Gənclik” (Gənc Liderlərin İnkişafı) Proqramının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Tədbirdə Azerbaycan Respublikasının Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, “Gənclik” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir. Bildiyiniz kimi dövlət Gənclər siyasəti ilə bağlı çoxşaxəli islahatlar həyata keçirir. Bu proqram da dövlətimizin gənclərə göstərdiyi növbəti diqqətin göstəricilərindən biridir. Asan Xidmət kollektivi özlüyündə gənclərdən ibarətdir. Asanda 20 mindən çox gənc könüllülük məktəbini keçib, eyni zamanda Azərbaycanın ayrı-ayrı dövlət orqanlarında gənclərimiz müxtəlif təcrübələr keçirlər. Bu tədbir isə sırf müəyyən kriteriyalara cavab verən gənclərimizin artıq daha məqsədyönlü şəkildə təcrübə proqramından keçməsini ehtiva edir.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərindən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin qayğısı ilə tam təmin olunub və Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gənclik” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsini istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır. Bu proqram çərçivəsində 1000 gənc arasından seçilmiş 30 gəncin liderlik, natiqlik qabiliyyətlərinin, vaxtı səmərəli istifadə etmək, eyni zamanda xüsusi səriştə və biliklərə, bacararıqlara yiyələnmək üzrə təlimlər keçəcəyi bir proqramın açılış mərasimindəyik. Proqram çərçivəsində həmçinin gənclərin müxtəlif dövlət qurumlarında təcrübə keçməsi və sonda öz fərdi layihələrini həyata keçirmək üçün təşkilatçılar tərəfindən maliyyə dəstəyi ilə təmin olunması nəzərdə tutulub. Eyni zamanda qeyd etmək istərdim ki, bu layihənin məğzi xüsusi seçilmiş gənclərin fərdi inkişafına dəstək verməkdən ibarətdir.

Daha sonra Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edib.

Tədbirdə həmçinin gənc liderlər- Türkan Şahvələdli, Sənan Cəfərov, Ülviyyə Bayramova çıxış ediblər.

Sonda isə xatirə şəkli çəkilib.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə