Bal yarmarkası: Alıcılar da satıcılar da razılıq edirlər ARAŞDIRMA
Sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Bu ilki yarmarkada Daşkəsən, İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.
SİA olaraq paytaxtda keçirilən yarmarkada hansı çeşiddə məhsulların satışa çıxarıldığı, qiymətlərin hansı civarda olduğu barədə araşdırma apardıq, eyni zamanda əhalinin və arıçılıq məhsulları satıcılarının yarmarka barədə fikirlərini öyrəndik.
Məlum oldu ki, yarmarkada müxtəlif bal çeşidlərinin qiyməti 20-30 manat arasında dəyişir. Bal ilə yanaşı, arıçılıq məhsulları satıcıları propolis, kremlər, arı südü, güləm və digər arıçılıq məhsulları da satışa çıxarılıb.
Arıçılıq təsərrüfatı sahibləri bu cür yarmarkaların təşkilinin təqdirəlayiq olduğunu qeyd edib, yarmarkaların yüksək səviyyədə təşkil edildiyinə görə də razılıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, ötən ilkilər ilə müqayisədə bu il keçirilən yarmarka daha yüksək səviyyədə təşkil olunması ilə diqqət çəkir. Bütün bunlarla yanaşı, bəzi satıcılar müştəri sayının azlığından şikayətlənirlər və bunu da alıçıların bu yarmarkanın keçirilməsindən, yüksək səviyyədə təşkilindən xəbərsiz olmaları ilə əlaqələndirirlər.
Astara rayonundan gələn və öz arıçılıq məhsullarını alıcılara təqdim edən arıçı Uğur İbrahimov bal yarmarkasında yaradılan şəraitdən hədsiz dərəcədə razılığını bildirir. O, qeyd edir ki, bu yarmarkada onlara ödənişsiz yerlər verilib və təşkilatçıların onlara diqqət göstərmələrindən də razıdır. Arıçı bu yarmarkanın təşkilinə görə ilk öncə başda ölkə başçısına, sonra Kənd Təsərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, bu yaradılan şəraitə sayəsində alıcılara arıçılıq məhsullarını təqdim edə bilir və satışın təşkilinə görə də razıdır.
Digər bir arıçı Rəfiqə Allahverdiyeva Daşkəsən rayonundan gəldiyini və orada hasil etdiyi arıçılıq məhsullarını yarmarkaya çıxardığını dilə gətirib. Bildirib ki, bu yarmarkada onlara elə bir gözəl şərait yaradılıb ki, bu şəraitdən narazı qalmaq olmaz. Arıçı R.Allahverdiyeva təqdim etdiyi məhsulların bazarda satış üçün yerləşdirilməsindən öncə yoxlamadan keçdiyini də deyib və bildirib ki, analiz olunan məhsullara görə, keyfiyyətli olması barədə onlara sertifikat da verilib.
Şəki rayonunda arıçılıq təsərrüfatı ilə məşğul olan Mövlud Səfərov da yarmarkadan razılığını ifadə edib. Bu bal yarmarkasının əhəmiyyətindən danışan M.Səfərov müştəri sayının azlığından şikayətlənib və bunu da alıçıların bu yarmarkanın keçirilməsindən, yüksək səviyyədə təşkilindən xəbərsiz olmaları ilə əlaqələndirib. O, qeyd edib ki, bu yarmarkalar, bu yarmarkaların belə yüksək səviyyədə keçirilməsi barədə məlumatlı alıcılar hər il olduğu kimi bu il də bal yarmarkasına gəlirlər və onlara lazım olan arıçılıq məhsullarını alırlar. Arıçı onu da xüsusilə vurğulayıb ki, alıcılar əmin olmadıqları yerdən bal almamalıdırlar və bilməlidirlər ki, bəzi işbazların harada gəldi bal satışını təşkil etməsinə etibar etmək olmaz. O, həmçinin deyib ki, alıcılar bilməlidirlər ki, keçirilən bu yarmarkalarda onlar tam təbii, keyfiyyətli məhsul əldə etdiklərinə və edəcəklərinə əmin olsunlar.
Alıcılar isə yarmarkadakı məhsulların keyfiyyətli, qiymətlərinin isə münasib olduğunu qeyd ediblər. Onlar etiraf edirlər ki, yarmarkalardan kənarda satılan məhsulların keyfiyyətinə, təbii olmasına əmin deyillər. Alıcılar bu bal yarmarkasında qiymətlərə də toxunublar və onu da vurğulayıblar ki, bu yarmarkada təklif olunan məhsulların qiyməti də münasibdir. Xüsusilə qeyd ediblər ki, yarmarkalardan kənarda satılan arıçılıq məhsulları bu yarmarkada təklif olunan məhsullardan bahadır və məhz buna görə də yarmarkaların təşkilinə görə onlar da ölkə başçısına, müvafiq strukturlara öz minnətdarlıqlarını bildiriblər.
Alıcı Nuran Qədimov bu yarmadan dəfələrlə arıçılıq məhsulları əldə etdiyini deyib və bildirib ki, aldığı məhsulların təbiiliyinə, keyfiyyətinə də əmindir. O, ötən illərdə olduğu kimi, bu il də öz şəxsi istehlakı üçün aldığı məhsulların keyfiyyətindən razılığını bildirib. Qeyd edib ki, bu yarmarkaların təşkilinə görə, alıcılara belə bir şərait yaratdığına görə ölkə başçısına, Kənd Təsərrüfatı Nazirliyinə və müvafiq trukturlara minnətdardır.
Digər bir alıcı Almarə Şirinova da bu yarmarkadan razılıq ifadə edib. A.Şirinova bildirib ki, hər il keçirilən bal yarmarkasına baş çəkir və təklif olunan məhsullardan alır. O, həmçinin vurğulayıb ki, bu il də bal yarmarkasına arıçılıq məhsullarından almaq üçün gəlib və hər ilki kimi əmindir ki, onun bu yarmarkadan alacağı bal tam təbii və çox keyfiyyətli olacaq.
Hazırda alıcılar şəxsi istehlakı üçün, arıçılıq məhsullarına olan tələbatın ödənilməsi üçün müxtəlif bazarlardan, ayrı-ayrı satıcılardan da bu məhsulları əldə etdikləri günün reallığıdır. Ölkənin hər bir bölgəsində, eləcə də paytaxtda fəaliyyət göstərən bazarlarda da arıçılıq məhsullarına rast gəlmək mümkündür və onların hər birində də bal, propolis, kremlər, arı südü, güləm və digər arıçılıq məhsullarına rast gəlinir. Hətta bəzən bu məhsulların satışı səyyari qaydada da olur. Amma xüsusilə qeyd etmək lazımdır ki, bu məhsulların təbiiliyi, keyfiyyəti və digər sağlamlıq üçün vacib məsələlərinə gəldikdə hansısa bir söz söyləmək çətindir. Daha dəqiq desək, sadalanan formada satışı təşkil olunan arıçılıq məhsullarının keyfiyyətli olub-olmaması dəqiq deyil. Ona görə ki, bu məhsullar heç bir nəzarət olmadan, yoxlanılmadan müştərilərə təqdim edilir və məhz buna görə də həmin məhsullar, onların keyfiyyəti də ən azından şübhəlidir.
Alıcıların özləri də bu məhsulları alsalar belə istər-istəməz keyfiyyət məsələsində şübhəli qalırlar. Çünki alıcılar bu məhsulları yoxlamaq, analiz etmək, keyfiyyətini təyin etmək kimi imkanlara sahib deyillər. Nəzərə alsaq ki, arıçılıq məhsulları qidalılıq dəyəri ilə yanaşı, bioloji dəyərə də malikdir və həmçinin müalicəvi xüsusiyyətləri də var, ola bilsin çarəsizlik səbəbindən alıçılar həmin məhsulları haradan oldu almaq məcburiyyətində qalırlar. Bu halda alıcılar aldadıla, onlara keyfiyyətsiz məhsullar satıla da bilər. Bu faktı alıcıların, istehlakçıların özləri də təsdiq edirlər və bildirirlər ki, belə bir şəkildə aldadılmaqdan heç kim sığortalanmayıb.
Bütün bu sadalananları nəzərə qalaraq qeyd etmək lazımdır ki, hər il ölkəmizdə keçirilən bal yarmalarının xüsusi əhəmiyyəti var. Əvvəla ona görə ki, arıçılıq məhsulları satıcıları öz məhsullarını alıcılara təqdim etmək üçün dövlət tərəfindən geniş şərait yaradılır. Bunu üçün xüsusi yer ayrılır və əvvəlcədə ayrılan yerin ünvanı barədə alıcılar məlumatlandırılır. Digər tərəfdən, bal yarmarkalarına çıxarılan məhsullar ilk öncə dövlət nəzarətindən keçirilir, analiz olunur və arıçılıq məhsulları satıcılarına yarmarkaya çıxardığı məhsullar barədə müvafiq sertifikatlar da verilir. Bu yoxlama, analiz və müvafiq sertifikatlarla təmin edilməsi hətta arıçılıq məhsulları satıcıları üçün də çox maraqlıdır. Çünki bu məhsulları bazara çıxaranlara, onların təqdim etdikləri məhsullara, bu məhsulların keyfiyyətinə alıcılar etibar edirlər.
Alıcılar da öz növbəsində şəxsi istehlakı üçün arıçılıq məhsullarına olan tələbatlarının ödənilməsi üçün məhz keçirilən bal yarmarkalarına üz tuturlar. Həm də bu yarmarkalara üz tutan alıcılar alacaqları məhsulların keyfiyyətinə tam əmin olaraq bu yarmarkalara yollanırlar. Nəzərə almaq lazımdır ki, bal yarmarkası artıq ölkəmizdə hər il keçirilir və alıcılar bu yarmarkalar, həmin yarmarkalara çıxarılan məhsulların keyfiyyətli olması barədə tam məlumatlıdırlar. Alıcılar çox yaxşı başa düşürlər ki, bal yarmarkalarına çıxarılan məhsullar ilk öncədən yoxlanılır, analiz edilir və sonra yarmarkalarda satışına icazə verilir. Əks halda, yəni təbii olmayan, keyfiyyətsiz məhsullar yarmarkalara daşına bilməz. Bu baxımdan, ən vacib məqam məhz odur ki, alıcılar yarmarkalardan aldıqları, yaxud alacaqları məhsulların keyfiyyətinə əvvəlcədən əmindirlər. Əmindirlər ki, bal yarmarkalarında alıcılara təqdim olunan arıcılıq məhsulları tam keyfiyyətlidir və bu səbəbdən də onun heç bir zərəri ola bilməz və tam istifadə üçün yararlı, ələlxüsus faydalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB