Böyük Naxçıvan ədəbi mühatində müstəsna xidmətləri olan xalq yazıçısı Hüseyn İbrahimovun işıqlı simasını hər zaman yaddaşımda canlandırıb, ona rəhmət diləyirəm. Çünki o insanın mənim şair-dramaturq kimi yetişməyimdə əvəzsiz qayğısını unutmaq, sadəcə, nankorluq olar. 1949-1954-cü illərdə Hüseyn müəlim Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin sədri işləyən vaxtlar hər həftənin 1-ci günü saat 18:15-də pioner və məktəblilər üçün verilişdə, mən yeni yazdığım şeirlərimlə çıxış edirdim. Məktəb müəllimlərim mənim gələcəkdə şair olacağıma artıq inanmışdılar.
Bir hadisəni heç zaman unuda bilmirəm. 1952-ci ildə böyük unudulmaz şairimiz Səməd Vurğun Naxçıvana sərhədçilərlə görüşə gəlmişdi. Əslində isə, onun gəlişi Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulan "Vaqif" pyesinin primyerasında iştirak etmək istəyi olmuşdur. Tamaşanın səhərisi günü atam mənə dedi ki, məktəbli formasını geyin, ipək qalstukunu bağla. Vaqif rolunun ifaçısı İsa Musayevgilə gedəcəyik, onların həyətlərində banket olacaq. Səməd Vurğunla səni görüşdürəcəm.
Həmin məclisdə mədəniyyət naziri Əli Hüseynov, teatrın baş rejissoru Miribrahim Həmzəyev, Xuraman rolunun əvəzsiz ifaçısı Zəroş xanım Həmzəyeva, Hüseyn İbrahimov, tanınmış ziyalı Qasım Tağıyev, İsa Musayevin bacanağı Təvəkkül Süleymanov iştirak edirdilər. Atamla mənim ora gəlişim Hüseyn İbrahimovun təşəbbüsü ilə olmuşdu. Hüseyn müəllim məclisdə məni Səməd Vurğuna təqdim etdi və dedi ki, "böyük ustad, bu balaca Ramiq hər həftə pioner və məktəblilərin verilişində yeni yazdığı şeiri oxuyur və inanırıq ki, o, gələcəkdə şair olacaqdır." Mən o vaxt yazdığım "Sülh" və "Bacım Zivər" şeirlərini oxudum. Səməd Vurğun məni bağrına basdı və atama dedi ki, "oğlun hazır şairdir ki. Onun zəmanətini mən əmisi verəcəyəm". Çox maraqlı faktdır ki, 11 yaşımda yazdığım "Sülh" şeirini mən bəstəkar Ramiz Mustafayevə verdim. O, mahnını bəstələdi və hərbi vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə I mükafata layiq görüldü.
Böyük şairimiz Səməd Vurğun o hadisədən sonra mənə Bakıdan fotoaparat və "Artek" pioner düşərgəsinə "putyovka" göndərdi. Xalq yazıçısı Hüseyn İbrahimov bütün gənclərə böyük qayğı göstərirdi. Onların kitablarının nəşriyyatlarda çapına köməklik edirdi. Naxçıvan ədəbi mühiti, nəhayət, İttifaq statusu aldı və ətrafını daha da genişləndirdi.
Yazıçı Hüseyn İbrahimov yaradıcılığa şeirlə başlamışdı. Onun ilk şeiri "O düşməndə qoymadı anasının qanını" adlanırdı. Həmin şeir 1944-cü ildə "İnqilab və mədəniyyət" jurnalında çap olunmuşdu. Sonra fəaliyyətini nəsrlə davam etdirən xalq yazıçımız bir-birinin ardınca "Bahar hekayəsi", "Kamalın ad günü", "Zərifənin çiçəkləri", "Sabahın sorağında", "Günəş doğan yerdə", "Əsrin onda biri" və s. əsərləri oxucu kütləsinin böyük sevgisini qazanmışdır. Mənim yaxşı xatirimdədir ki, "Bahar hekayəsi" əsəri əl-ələ gəzirdi. Əsəri, demək olar ki, bütün gənclər oxumuşdu. Hüseyn İbrahimovun "Torpağın övladları", "İtirilən sağlıq" piesləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı. Şərqin böyük dramaturqu Hüseyn Cavidin faciəli həyatını əks etdirən "Böhtan" romanı isə Hüseyn müəllimin, mən deyərdim ki, zirvə əsəridir. Maraqlı tapıntılarla və ürək ağrısı ilə yazılan bu əsər ədəbi mühitdə bir hadisəyə çevrilmişdi. Ulu Öndərimiz Heydər Əliyevin onun yaradıcılığına böyük sevgisi var idi. O, "Xalq yazıçısı" adına layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü kimi yaradıcılığı qiymətləndirilmişdir. Sevinirik ki, yazçısı Hüseyn İbrahimovun ruhu bu gün şaddır. Çünki onu ürəkdən sevən xalqı, müstəqil dövləti vardır.
Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB