Masallı rayonunun Əmirtürbə kəndində hüzn izdihamı
...Üç il öncə fəxarətlə ayrıldığımız – Ağdərə cəbhəsində gedən döyüşlərdə şəhid olmuş qəhrəman eloğlumuz Firdovsi Əliş oğlu Bağırzadənin anadan olduğu Güllütəpə kəndinə yenidən gəlmişik. Dağlar qoynuna sığınan Əmirtürbənin küçələrində böyük izdıham vardı.
Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Alışov Səfərəli Ələkbər oğlunun cənazəsi oktyabrın 3-də anadan olduğu Güllütəpə ərazisinin Əmirtürbə kəndinə gətirilib...
Məlumat üçün bildirək ki, 2 oktyabr saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorçumuz Səfərəli Alışov düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb...
Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatın məsul işçiləri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əsgər Xəlilov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin rəisi polkovnik-leytenant Vəli Rzayev , rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, şəhidin doğmaları, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Səfərəli Alışovun cənazəsi səhər saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndindəki yaşadığı evə gətirildi, şəhidlə son vida mərasimi keçirildi.
Əllərdə üçrəngli bayraqlar, dillərdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə vətənpərvərlik coşqusu nümayiş etdirən böyük izdiham kənd məzarlığına yol aldı, nəşi Əmirtürbə kənd qəbiristanlığında dəfn edildi, ruhuna dualar oxundu.
Matəm mitinqində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ali Baş Komandanın cəsarətli qərarları nəticəsində hərbçilərimizdə yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu diqqətə çatdırdı.
Rayon rəhbəri şəhidin doğmalarının dərdinə şərik olub bildirdi ki, Ordumuz düşmənin təxribatlarını dəf edərək, onu geri oturtmağa məruz qoymaqla ən ali məqsədinə çatacaq. Bu gün bizimçün ağır, eyni zamanda şərəfli gündür. Səfərəli müqəddəs borcunu, dövlət tapşırığını yerinə yetirərkən şəhid oldu. Sinəsini torpaq uğrunda sipər etdi. Ailəsinə başucalığı gətirdi. Ruhu şad olsun! Bütün şəhidlərin ruhu qarşısında baş əyirik.
Sonra Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əsgər Xəlilov çıxış edərək Səfərəli Alışovun qorxmaz, yorulmaz və intizamlı insan olduğunu bildirdi.
O, diqqətə çatdırdı ki, S.Alışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul idi. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib. Məhz buna görədir ki, Səfərəli Alışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edildi. Səfərəlinin timsalında torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov və başqaları Azərbaycan Ordusunun nailiyyətlərindən danışıb, şəhidə Allahdan rəhmət dilədilər.
Natiqlər izdiham qarşısındakı çıxışlarında şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, bildirdilər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası qüdrətli ordumuz tərəfindən düşməndən tezliklə alınacaq. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib – yolumuz haqq yoludur.
Hüseyn Alışov qardaşının şəhidlik zirvəsinə ucalmasından qürur hissi keçirdiyini, dəfn mərasiminin belə yüksək səviyyədə keçirilməsinə, göstərilən diqqətə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Səfərəli Alışovun təltif olunduğu “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edildi.
Əlihüseyn ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB