YAP növbəti seçki qələbəsinə doğru RƏYLƏR

YAP növbəti seçki qələbəsinə doğru RƏYLƏR

Partiyanın rayon təşkilatları dekabrda keçiriləcək bələdiyyə seçkilərində də zəfər əldə ediləcəyini inamla vurğulayırlar

Dekabrda keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatlatları seçkiyə hazırlıq üzrə uğurlu işlərini davam etdirirlər.

Bizimlə söhbət edən YAP rayon təşkilatının sədrləri bələdiyyələrin respublikamızın həyatında oynadığı mühüm roldan danışıblar. Qeyd edilib ki, bələdiyyə institutu Azərbaycanda yaranmış gənc strukturdur və əlbəttə ki, demokratikləşən Azərbaycanda bələdiyyələr bu tendensiyanın bir hissəsi kimi ölkənin tərəqqisinə öz töhfələrini verməlidir. Belə ki, son illər ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, qanunvericilik bazası da möhkəmləndirilib. Milli Məclisdə bələdiyyələrlə bağlı bir çox qanunlar qəbul edilib, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bələdiyyələrin birləşdirilməsi prosesi aparılıb. Bununla yanaşı, Konstitusiyamızın bələdiyyələrlə bağlı maddələrinə əlavə və dəyişikliklər olunub. Bütün bunlar isə bələdiyyələrin fəaliyyətində, insanlara xidməti sahəsindəki işlərində böyük dəyişikliklərə öz töhfəsini verəcək.

Həmçinin qeyd edilib ki, YAP bütün seçkilərdə uğur qazandığı kimi növbəti bələdiyyə seçkilərində də bu uğuru təkrarlayacaq.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev:

- Sirr deyil ki, bütün parametrlərə görə, Azərbaycanda alternativsiz siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası seçki təbliğatına hər zaman çox ciddi yanaşır, seçicilərlə fəal iş aparır, geniş ictimaiyyətin maraqlarının müdafiəsinə yönəlmiş çoxsaylı mütərəqqi sosial-siyasi təşəbbüslərlə çıxış edir. Yeni Azərbaycan Partiyası dövlətin, cəmiyyətin, geniş ictimaiyyətin, eləcə də, əhalinin bütün təbəqələrinin maraqlarını tam nəzərə alır. Hazırda YAP Azərbaycanın siyasi səhnəsində kifayət qədər yekcins, monolit, alternativsiz siyasi qüvvə sayılır. Belə şəraitdə siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, mütəşəkkillik baxımından təkmil, monolitlik baxımından möhkəm və vahid lider ətrafında birləşmiş güclü siyasi təşkilat - Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə böyük, uğurlu, inamlı qələbəsi zərurətdən doğan təbii nəticə kimi özünü göstərir.

Əbəs yerə deyil ki, artıq xalqımız ağı-qaradan yaxşı seçir və bu əhəmiyyətli məqam YAP-ın seçkilərdə əldə etdiyi nailiyyətində öz yerini alır. Hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də partiyamız növbəti uğura nail olacaq. Həmçinin, bizim Biləsuvar seçiciləri də dekabrda keçiriləcək bələdiyyə seçkilərində hər zaman olduğu kimi mütəşəkkil şəkildə iştirak edəcək. Yəni bütün seçkilərdə olduğu kimi rayonumuzun seçiciləri bir daha öz fəallıqları ilə seçiləcəklər.

Təbii ki, namizədlərimiz də xalqın içindən seçilənlərdirlər və onların hər biri söz yox ki, rayonun strukturuna, ərzisinə yaxşı bələddirlər. Bu baxımdan, sözügedən amil də çox əhəmiyyətli hesab olunmalıdır. Sakinlərimizin sosial və digər problemlərinin həllində fəaliyyət göstərəcək bələdiyyə üzvlərimiz bir daha uğurlu işləri ilə sübut edəcəklər ki, onlar YAP-ın təmsilçisi olaraq daim xalqın, dövlətin inkişafı naminə əzmlə çalışırlar. Ona görə də YAP-ın bələdiyyə seçkilərində iştirak edəcək hər bir namizədinə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev:

- Bildiyimiz kimi, bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu, onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın fəaliyyətini düzgün qimətləndirən Masallı sakinləri bu dəfə də düzgün seçim edəcəklər. Hər dəfə olduğu kimi, bizim seçicilər bu dəfə də yüksək mütəşəkkillik göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəklər. Qələbə əldə etmək üçün isə seçkilərə ciddi hazırlaşmaq lazımdır. YAP Masallı rayon təşkilatı da seçki qanunvericiliyinə uyğun olaraq bütün smeçkilərdə olduğu kimi, qarşıdakı növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Rayon təşkilatı partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərini davam etdirir. Ən əsası isə, təşkilatımızın minlərlə üzvü əvvəlki seçkilərdə olduğu kimi bu seçki proseslərində böyük fəallıq göstərəcəklər. Artıq bu da bir sübutdur ki, ölkəmizdə bələdiyyələr sistemi formalaşıb və bu formalaşma təbii ki, kənd və qəsəbələrimizin, şəhərlərimizin daha da inkişaf etməsinə, sosial şəraitin daha da tərəqqi etməsinə münbit şərait yaradacaq. Bu baxımdan, dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərə bəri başdan uğurlar arzu edirəm.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə