Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə təminatı proqramı davam edir

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə təminatı proqramı davam edir


Bu günədək 11619 şəhidin 17302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib

Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, imzalanan Prezident fərman və sərəncamları, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.
Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Həyata keçirilən islahatlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına və hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı 2018-ci il 19 aprel tarixli Fərmanı həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin davamı oldu. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə imkanlar yaratdı. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11619 şəhidin 17302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqrammı, artıq 95 faiz icra olunub.
Göründüyü kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə