Akif Nağı: “Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lər mühüm rol oynayır“ - MÜNASİBƏT
Sabah Xocalı soyqırımının 19-cu ili tamam olur. Soyqırımının dünyada tanıdılması üçün dövlət səviyyəsində ciddi işlər görülür. Sözsüz ki, bu işdə qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidir. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutları da mühüm işlər görür. SİA-ya açıqlamasında QAT sədri konfransların, kütləvi aksiyaların keçirilməsi istiqamətində QHT-lərin fəal olduğunu deyib və qeyd edib ki, bu, Xocalı faciəsi ilə bağlı tədbirlərdə xüsusi nəzərə çarpır. Prosesin əvvəlki illərdən fərqli olaraq sistem şəklini aldığını ifadə edən A.Nağı QHT-lərə bu işdə dövlətin də xüsusi dəstəyin olduğunu bildirib.
"Xocalıya ədalət" kampaniyasının uğurla aparıldığını dilə gətirən QAT sədri bildirib ki, dünyanın müxtəlif ölkələrində kampaniya çərçivəsində keçirilən tədbirlərdə yerli ictimai-siyasi xadimlərin iştirakı da ciddi uğurdur. Diaspor təşkilatılarının da geniş miqyaslı iş apardıqlarını söyləyən A.Nağı diskussiyalar keçirildiyini, sərgilərin təşkil edildiyini qeyd edib. QAT sədri bildirib ki, soyqırımın tanıdılması istiqamətində kifayət qədər işlər görülməsinə baxmayaraq, xarici ölkələrin parlament və beynəlxalq təşkilatlarda Xocalı soyqırımı ilə bağlı qərarın olması məsələnin çatışmayan tərəfidir: "Bununla belə, bəzi ölkələrdə soyqırımı faktını qəbul edirlər. Bu il ABŞ-da bir qrup konqresmen həmkarlarına müraciət edib ki, 26 fevral Xocalı faciəsinin anım günü kimi qeyd olunsun. Həmin konqresmenlər müraciəti elə yazmışdılar ki, sanki bu müraciəti azərbaycanlılar edib. Bir çox ölkələrdə Azərbaycanın bu faciəsini başa düşürlər, bunun da səbəbi odur ki, həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində işlər görülür. ABŞ ştatlarından birində də 26 fevralın Xocalı faciəsinin anım günü olaraq qeyd edilməsi barədə qərar qəbul olunub. Əsas məqsədimiz odur ki, ermənilərin vəhşi sifətini daha çox dünya ictimaiyyətinin diqqətinə çatdıraq".
QAT sədri ermənilərin qondarma soyqırım iddiaları ilə üzləşən Türkiyə diasporunun dünyanın gözü qarşısında baş verən Xocalı faciəsinin tanıdılması üçün Azərbaycan diasporu ilə birgə fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib: "Dünyanın hər hansı bir ölkəsində Xocalı faciəsi ilə bağlı keçirilən elə bir tədbir yoxdur ki, orada Türkiyənin qeyri-hökumət təşkilatları və diasporu iştirak etməsin. Əksinə, Azərbaycan və Türkiyə həmişə çalışıb ki, prosesə digər türkdilli dövlətləri də cəlb etsinlər. Qazaxıstan, Türkmənistan, Qırğızıstan və digər türkdilli ölkələrin diasporu bu işdə fəal iştirak edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB