ASKEF rəhbəri: "Naxçıvanlılara, sadəcə, həsəd apardıq"

ASKEF rəhbəri: "Naxçıvanlılara, sadəcə, həsəd apardıq"

Türkiyənin məşhur Avrasiya Sənət Mədəniyyət və Elm Federasiyasının (ASKEF) nümayəndələri Naxçıvanda olublar. Türk dünyasının müxtəlif ölkələrində mədəniyyət və incəsənətlə bağlı layihələr həyata keçirən qurum üzvləri muxtar respublikada qarşılaşdıqları maraqlı və yaddaqalan məqamlar ilə bağlı mamakhavadis.com saytında fikirlərini bölüşüblər. Həmin rəy və fikirləri təqdim edirik:

ASKEF rəhbəri Savaş Ünal: Üç gün davam edən səfərimiz zamanı Naxçıvanda Əshabi-Kəhf mağarası, Duzdağ, Hüseyn Cavid məqbərəsi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və digər yerləri gəzdik. Nuh Peyğəmbərin türbəsi, Möminə xatın məqbərəsi və digər tarixi abidələrdə olan zaman bir şey hamımızın diqqətini çəkdi: Bu günə qədər gördüyümüz ən təmiz şəhərdəyik. Yerdə bir dənə də olsun tullantı yoxdur, hər yer olduqca təmizdir. Yaşadığı yeri bu qədər sevən və təmiz tutan naxçıvanlılara, sadəcə, həsəd apardıq.

Aktyor Demet Şahin: Naxçıvanı sözlə anlatmaq mümkün deyil, gərək bu hissləri yaşayasan. Buranın təbiəti böyük sevgi ilə qorunur. Bu məmləkət ulu babalarına, torpağına, bayrağına sevdalı, gözəl ürəkli insanları, tərtəmiz ətraf mühiti ilə insana rahatlıq verir. Həmişə belə qal, canım Naxçıvan, sevgilərlə!

Tələbə Umut Tutcu: Naxçıvanın təbii gözəlliklərinə heyran qaldım. Sadəcə, gözəlliyi deyil, ondan da artıq əfsunlayıcı bir coğrafiyası var Naxçıvanın. Görülməsi mütləq lazım olan bir məkandır. Xüsusilə də insanların sənətə verdiyi dəyər məni çox sevindirdi. Çünki mədəniyyətin ən yüksək mərtəbəsi incəsənətdir və bu mərtəbədə Naxçıvandan olan ziyalıların izi görünməkdədir. Addım atdığım hər yerdə keçmişin izlərinə rast gəldim. Hər yerində bir səmimiyyət gördüm. Şəhərin gözəl ürəkli insanları, sizi heç unutmayacağam.

Şair-publisist Qonca Aydemir: Gözəlliklər ölkəsi... Haqqında nə desəm azdır. Gözəl insanları ilə daha da gözəlləşir Naxçıvan. Tarixinə, mədəniyyətinə sahib çıxan dostlarıma çox təşəkkür edirəm.

Şərhçi Fərid Baran: Sol tərəfdə Ali Məclis, qarşısında Nazirlər Kabineti, onların ortasında isə teatr binası... Dünyanın başqa hansı ölkəsində sənətə və sənətçiyə bu qədər qiymət verirlər. Sadəcə, şəhərlər və digər yaşayış məntəqələri deyil, dağları və yolları da tərtəmizdir. Yağışın altında çantalarımı daşımağıma məmnuniyyətlə kömək edən ziyalı, gözəl qəlbli, tərtəmiz insanlar. Səhər tezdən səkidə unutduğum pul və sənədlərim olan çantamı günortadan sonra minlərlə insanın keçib getdiyi yerdə əl vurulmamış şəkildə tapıram. Bəli, oğurluğun olmadığı Naxçıvandan bəhs edirəm. Piyada keçidləri, qarşıdan-qarşıya rahat keçməyimiz üçün gözləyən maşınlar, mədəni sürücülər. Kaş ki bir az gənc olardım və daha əvvəl gələrdim bura, qalan ömrümü bu təmiz diyarda və dürüst insanların arasında keçirərdim. İnşallah, yenidən gəlmək bir daha qismət olar.

Müəllim Necla Aslan: Naxçıvan gördüyüm ən gözəl türk şəhəridir. Çoxmərtəbəli olmayan binaları, təmiz memarlığı məni çox heyrətləndirdi. Qonaqpərvər insanları ilə seçilən, ən önəmlisi də, tarixinə sahib, keçmişinə sadiq bir şəhərdir. Yaşamaq istədiyim şəhərdir. Bu gəzintimizdə tanıdığım insanlara minnətdaram, güman edirəm, yenə gələcəyəm.

Təqaüdçü Zühal Gedikoğlu: Mən də Naxçıvanı çox sevdim. Təmiz, insanları hörmətcil, qonaqpərvərdirlər, tarixinə sahib çıxmağı bacarırlar.

Sənətçi Göksenin Çakmak: İndiyə qədər gördüyüm ən təmiz və gözəl şəhərdir. Tarixinə sahib çıxan və qoruyan bir şəhər. Cəmiyyət olaraq qonaqlarına hörmətlə yanaşmaq işində də nümunədirlər. Məncə, gedib yaşanılacaq ideal bir şəhərdir. Naxçıvana salam və sevgilərlə...

Bütün xəbərlər Facebook səhifəmizdə