Raqif Abbasov: “Əsl həqiqət xocalıların Xocalıya qayıtması zamanı olacaq”

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı foto, video məhsullar mövcuddur. Bilirsiniz ki, Rusiyadakı Azərbaycan gənclərinin lideri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində soyqırımı ilə əlaqədar həm video məhsullar hazırlanıb, həm də kitab çap olunub". Bu barədə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, kampaniya çərçivəsində həyata keçirilən elektron aksiyalar vasitəsilə dünyanın fikrini soyqırıma daha da cəlb etmək lazımdır.

Onun sözlərinə görə, faciənin dünya ictimaiyyətində tanınması üçün hər kəs öz sahəsində çalışmalıdır ki, beynəlxalq qurumların bu məsələlərə diqqətini cəlb etsin: "Beynəlxalq təşkilatlara müraciət etmək vasitəsilə ən əsası dünyanın beynəlxalq institutlarının faciəyə lazımi hüquqi qiymət vermələrinə nail olmalıyıq. Azərbaycan gəncləri təkcə 26 fevral tarixində ilə deyil, ümumən Xocalıya qayıdana qədər bu işlə məşğul olmalıdırlar. Bu günki gündə Azərbaycan dövləti dünyanın 40-dan çox ölkəsində Xocalı hadisələr ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Təbii ki, ildən-ilə Azərbaycanın gücü artdıqca dünya dövlətlərinin diqqəti də bu məsələyə artır. Amma əsl həqiqətə qiymət bugünki gündə Ermənistan hökümətin rəhbərliyində olan insanların beynəlxalq məhkəmə qarşısında cavab verməsi olacaq. Düşünürük ki, bu ədalətli qərar olacaq".

Xocalı faciəsi ilə bağlı idarə tərəfindən həyata keçirilən işlər haqqında məlumat verən R.Abbasov bildirib ki, idarə hər zaman Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər həyata keçirir. Onun sözlərinə görə, bura inşa yazı müsabiqələri, idman yarışları, sərgi, simpozium, konfrans daxildir: "Amma əlbəttə ki, bu məsələlər istədiyimizi əks etdirmir. Əsl həqiqət xocalıların Xocalıya qayıtması zamanı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə