Bu gün Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru xanım Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzin Azərbaycana etdikləri işgüzar səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, səfər Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə milli komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə reallaşıb. Mətbuat konfransında çıxış edən Umud Rəhimoğlu bildirib ki, səfər çərçivəsində qonaqlar Azərbaycanın 20-dən çox Qeyri Hökümət Təşkilatı, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, kütləvi informasiya vasitələri, o cümlədən hökumət nümayəndələri ilə görüşlər keçirib. O, qeyd edib ki, görüşlərdə Azərbaycanda medianın vəziyyəti əsas müzakirə mövzusu olub.
BMİ-nin direktoru Alison Betel Mckenzi Azərbaycan hökuməti və Mətbuat Şurası tərəfindən ölkədəki jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları müsbət qiymətləndirdiyini bildirib. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən atılan addımları dəstəklədiyini deyən Alison Betel Mckenzi hökuməti bu subsidiyalardan tənqidi jurnalistika sahəsində çalışan jurnalistlərə bir təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb. O, eyni zamanda mediada həlli vacib olan nüanslara da toxunub: "Azərbaycan mətbuat azadlığını daha da yaxşılaşdıra və region üçün nümunə ola bilər. Eyni zamanda həbsdə olan Eynulla Fətullayevin mümkün olduğu qədər tez bir zamanda azadlığa çıxmasının istərdik".
Daha sonra jurnalistlərin suallarını cavablandıran direktor "Diffamasiya" haqqında qanuna da toxunub. O, qeyd edib ki, qanunun hazırlanması başa çatmaq üzrədir: "Diffamasiya haqqında qanunun hazırlanması başa çatmaq üzrədir. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşümüzdə Əli Həsənov deyib ki, bu il qanunun qəbul olunması gözlənilir. Eyni zamanda Mətbuat Şurasında keçirdiyimiz görüş zamanı bu qanunun üzərində işlərin yekunlaşmaq üzrə olduğunu vurğuladılar".
Qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzin isə səfərin hər iki tərəf üçün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Diffamasiya haqqında qanunun üzərində aparılan işlər qənaətbəxşdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB