Azərbaycanda əhalinin siyahıyaalınma prosesi uğurla reallaşır

Azərbaycanda əhalinin siyahıyaalınma prosesi uğurla reallaşır

Prezident İlham Əliyev: "Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək..."

Müstəqillik dövründə Azərbaycanda sayca üçüncü dəfə olan əhalinin siyahıya alınmasına başlanılıb. Belə ki, müstəqillik illərində bu proses 1999-cu və 2009-cu illərdə həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il sentyabrın 7-də "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" imzaladığı Fərmana əsasən, bu gün ölkədə əhalinin siyahıya alınmasına start verilib.

Siyahıya alınmanın keçirilməsi son illərdə insanların yaşayış, mənzil şəraitində çox ciddi dəyişikliklər baş verməsi zərurətindən irəli gəlib. Ölkəmizdə miqrasiya proseslərində də müəyyən dəyişikliklər olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək, siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən, qeyd etdiyi kimi, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: "Azərbaycanda da siyahıyaalınma tədbirləri, müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik".

Növbəti dəfə keçirilən siyahıyaalma əhatəliliyinə və miqyasına görə, əvvəlkilərindən keyfiyyətcə fərqlənəcək. Belə ki, 1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla, cəmi 21 sual qeyd edildirsə, 2009-cu keçirilən siyahıyaalınmada 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla, ümumilikdə, 35 sual öz əksini tapmışdır. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sual öz əksini tapıb. Suallar da əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. İlk dəfə olaraq, siyahıyaalınmaya sosial statusla bağlı məsələlər daxil edilib. Siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də, dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı suallar da nəzərə alınıb. İlk dəfə olaraq, insanların sağlamlığı, eləcə də, əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb.

"SİYAHIYAALINMA BİZƏ DAHA DƏQİQ VƏ MÜFƏSSƏL MƏLUMAT VERƏCƏK"

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafının təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı, hər il sabit şəkildə artaraq, 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir. Dövlət başçısı qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır: "Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir".

Təbii ki, demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Belə ki, ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Təbii ki, demoqrafiya sahəsində, dövlət siyasətinin əsas prinsipləri kimi ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.

Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən, kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən, kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.

Bildiyimiz kimi, ölkəmizdə siyahıyaalmaya oktyabrın 1-dən başlanılıb və 10-na qədər keçiriləcək. "Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq" - deyən Cənab Prezident bizdə əmək resurslarının artdığını və həyata keçiriləcək tədbirlərin bu artıma uyğun olmasını bildirib.

"SOSİAL-İQTİSADİ İNKİŞAF DEMOQRAFİK İNKİŞAFLA UZLAŞIR VƏ BU DA TƏBİİDİR"

Əlbəttə ki, ölkəmizdə əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində, yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.

Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklərə səbəb olub. Əlbəttə ki, iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız artıb. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ildə imzaladığı fərman və sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklər kimi xarakterizə olunur.

"Vətəndaşların sosial rifahı yaxşılaşır" - deyən Cənab Prezident təkcə bu il minimum əməkhaqqının, təxminən, iki dəfə artırıldığını, həmçinin, pensiyaların, tələbələrin təqaüdlərinin, müavinətlərin artırıldığını da vurğulayıb: "Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir".

Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa koteqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklər kimi xarakterizə olunur. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırıldı. Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən, artıq ikinci ciddi artımdır.

Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində, göründüyü kimi, əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi, davamlı olaraq yüksəlib.

Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə və dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir. 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə