Səudiyyənin ictimai təşkilatı Azərbaycandakı əməkdaşlarına külli miqdarda ziyan vurub

Səudiyyənin ictimai təşkilatı Azərbaycandakı əməkdaşlarına külli miqdarda ziyan vurub

Məhkəmə baş ofisi Ər-Riyadda yerləşən Müsəlman Gənclərinin Ümumdünya Assambleyasının Bakıdakı əməkdaşlarına vurduğu ziyanın ödənilməsi barədə qərar çıxarıb

Çoxəsrlik zəngin dövlətçilik ənənələrinə malik olan ölkəmiz bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələb və çağırışlarına adekvat cavab verməklə yeni çalarlarla davam etdirilməsinin bəhrəsi olaraq, dünyada böyük nufuza və rəğbətə layiq dövlət kimi tanınır. İnam və etibarın qazanılmasının nəticəsi olaraq, xarici şirkətlər Azərbaycan iqtisadiyyatına böyük məbləğlərdə investisiyalar yatırır, ictimai-mədəni, elmi və texnologiya sahələrində yaxından iştirak edirlər. Düzdür, bəzən xarici ölkələrin bəzi şirkətləri və ya ictimai qurumları ölkəmizdə, yaradılan şəraitdən bəhrələnib, geninə-boluna fəaliyyətlərini qurub, müəyyən hədəflərinə və istəklərinə nail olsalar da, sonradan, üzərlərinə götürdükləri öhdəlikləri pozmaq yolu tuturlar. Bu cür şirkətlər və ictimai təşkilatların sayı kifayət qədər az və törətdikləri hüquq pozuntularının həcmi, barmaqla sayıla biləcək miqdarda olsa da, hər halda, arzuolunan hal deyil. Həm də, öna görə ki, ölkəmiz həmin qurumlarla beynəlaxalq hüquq normalarına və prinsiplərinə uyğun davranış nümayiş etdirərək, onların normal və yüksək səviyyədə fəaliyyət göstərmələri üçün hər cür şərait və imkanlar yaradıb. Qarşılığında isə...

Bəli, qarşılığında həmin qurumlar həm işə götürdükləri, həm öz əməkdaşlarını, həm də azərbaycanlı əməkdşlarının hüquqlarını pozur, ya da vergi ödənişlərindən yayınmağa cəhdlər göstərirlər. Baş ofisi Səudiyyə Ərəbistanında yerləşən və 29.09. 1996-cı ildə Azərbaycan Respublikasında nümayəndəliyinin yaradılması qərarına əsasən, 29. 11.1996-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınaraq, fəaliyyətə başlamış Müsəlman Gənclərin Ümumdünya Assambleyası həm əməkdaşlarının haqlarını pozub, həm də qanuna müvafiq şəkildə ödəməli olduğu vergini ödəməkdən imtina edib. Bu barədə, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Abdulla Arif Abdullah Abdul Həmid oğlu və Norbekova Sənubər Bəqlər qızı bildiriblər ki, nümayəndəlik çalışdıqları müddətdə, fəaliyyətlərini qurumun əsmanaməsinə əsasən qurub və dövlət orqanları ilə səmərəli münasibətlərin yaradılmasına nail olmuşdur. Onların yazdıqlarına görə, Abdulla Arif Abdullah Abdul Həmid oğlu müddətsiz olaraq direktor, Norbekova Sənubər Bəqlər qızı isə mühasib vəzifəsində çalışıblar: "Bağlanan müqavilənin şərtlərinə görə, Abdulla Arif Abdullah Abdul Həmid oğluna aylıq 1600 ABŞ dolları və imtiyaz ödənişi olaraq, əlavə məvacib ödənilməli idi. 30.12.2017-ci il tarixdən nümayəndəliyin fəaliyyətinin dayandırılması barədə baş ofisdən Müsəlman Gənclərin Ümumdünya Assambleyasının əməkdaşların işləri komitəsinin rəhbəri Doktor Saleh bin İbrahim Babırın imzası ilə məktub daxil olmuşdur. Nümayəndəliyin fəaliyyətinə xitam verilmədiyi üçün işimizi davam etdirmiş və bu müddətdə vergilərə müəyyən olunmuş qaydalara əsasən, ödənişlər etmişik. Lakin baş ofis bizə aylıq məvacibimizi ödəməyi gecikdirib. Bu da, fəaliyyətimizdə müəyyən problemlər yaradıb".

Şikayətçilərin qeyd etdiklərinə görə, maaşın ödənilməsi üçün baş ofisə və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə dəfələrlə yazılı və şifahi müraciətlərin olmasına baxmayaraq, heç bir nəticə əldə edə bilməyiblər: "Biz məcbur olub, Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etməli olduq. Məhkəmə bizim xeyrimizə qərar qəbul etdi və beləliklə, məhkəmə qərarına əsasən, Müsəlman Gənclərin Ümumdünya Assambleyasının ödənilməmiş əməkhaqlarının və kompensasiyasının ödənilməsi öhdəliyi qoyulmuşdur".

Təəssüf doğuran məqam ondan ibarətdir ki, məhkəmə cavabdehlərin məhkəmədə iştirak etmələrinə dair onlara bildirişlər ünvanlasa da, qurumun Baş ofisindən heç bir nümayəndə göndərilmədiyindən, prosesdə iştirak edən olmayıb. Bu azmış kimi, beynəlxalq dəyərlərdən, müsəlman təəssübkeşliyindən, qardaşlığından, nəhayət, həmrəyliyindən danışan və bunu dönə-dönə vurğulayan Müsəlman Gənclərin Ümumdünya Assambleyası və onun rəhbərliyi məhkəmə qərarını yerinə yetirməməklə yanaşı, əməkdaşlarının haqqını tanımağa cəhd göstərmir.

İ.ƏLİYEV

P.S. Mövzuya qayıdacayıq

Bütün xəbərlər Facebook səhifəmizdə