Bu gün gündəmi ən çox zəbt edən mövzulardan biri də Qarabağ müharibəsi veteranları ilə Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında baş verən qarşıdurmadır. Tərəflər bir-birini zorakılıq etməkdə ittiham edir. Əksəriyyəti hərəkət məhdudiyyətli olan veteranlara haqq qazandıranlar da tapılır ki, bunların da əksəriyyəti məlumatsızlıqdan bu addımı atırlar.
Bir fikri əsas götürmək lazımdır ki, istənilən şəxsin boynu qanun qarşısında qıldan nazikdir. Kimliyindən asılı olmayaraq hər bir vətəndaş tutduğu işin məhsuliyyətini dərk etməli, ev tikmək, yaxud digər məsələləri həll etmək üçün qanuni prosedurlardan keçməlidir. Ev tikmək istəyən şəxs əvvəlcə bələdiyyədən torpaq sahəsi almalı, sonra dövlətin aidiyyəti qurumlarından digər sənədləri toplamalı, sonra həmin sənədləri icra hakimiyyətinə göndərməli və 1 ay müddətində həmin ərazidə evin tikintisinə icazə alandan sonra özünə koma, ev, villa inşa edə bilər. Əksəriyyətimiz isə (faktlar "n" qədər) əvvəlcə kimlərinsə qanunsuz göstərişi, barmaq işarəsi ilə ev-gecəqondu tikirik, sonra sənədləşmə işinə başlayırıq. Onda da əsl mərəkə başlayır... Deməli, günah özümüzdədir, biz qanuna yox, kiminsə qanunsuz əməlinə meyllənirik, dara düşən kimi bu oyunu başımıza açan işbazları yox, dövləti günahlandırırıq.
Müzakirə veteranlardan gedirsə, burada məsələ bir az da qəlizləşir. Cəmiyyətin ən həssas, qayğıya ehtiyacı olan təbəqəsi şəhid ailələri, veteran və hərəkət məhdudiyyətli insanlardır, desək, yəqin ki, yanılmarıq. Hər kəsə də bəllidir ki, dövlətimiz bu sahədə misli görünməmiş addımlar atıb və bu gün də atmaqdadır. Veteranlara ev, maşın, həyətyanı sahə, müxtəlif imtiyazlar verilib. Amma bəzən bu hörmət, diqqət və qayğıdan sui-istifadə edənlər də tapılır. Hər yerdə "mən veteranam" deyib aşırı imtiyazlar tələb etməklə yanaşı qanunları da ayaq altına atır, dövlət məmurlarına qarşı zorakılıq edir, onlara bədən xəsarətləri yetirirlər. Son hadisələrdə olduğu kimi...
Sosial şəbəkələrdə maraqlı və danılmaz bir fakt ətrafında müzakirələr gedir. Məsələ burasındadır ki, SOCAR-ın əməkdaşları ilə dava çıxanların başında duran, hadisəyə bilavasitə səbəb olan "qazi" sən demə belə hadisələri, qarşıdurmaları törətməkdə bir növ adətkarda imiş, bu işin ustası imiş. Videodan da bəlli olur ki, veteranlığından sui-istifadə edən bu şəxs özünə əməlli-başlı biznes qurub. Düşünür ki, ona veteran olduğu üçün heç bir məmur güldən ağır bir söz deməyəcək. Allah rizası, heç kim də bir söz deməyib, bu günə qədər. Amma kimsə bu şəxsi durdurmalı idi, ya yox. Bu dəfə "qazi"nin qarşısına iri fiqur çıxıb, daha doğrusu veteran böyük bir qurumla baş-başa gəlməyə qalxıb. Özünə bütün rayonlarda torpaq, imtiyaz tələb edən bu şəxs dövlətin strateji sahəsinə "ilişməyi" də könlündən keçirib.
Bu fotolara diqqətlə baxın, "qazi" deyilən bu şəxs 2017-ci ildə Suraxanı rayonunda torpaq davası edir, 2019-cu ildə isə Binəqədi rayonunda dövlət qurumlarına "kəllə atır". Doğrudanmı bu adam evsizdir?
Allah bütün həqiqi qazilərimizi onların adına ləkə yaxmağa çalışan kələkbazların şərrindən qorusun. Müharibə veteranları başımızın tacıdır. Bu gün biz Azərbaycan neftçiləri fəxr edirik ki, minlərlə Qarabağ qazisi onların sıralarında çalışır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB