Azərbaycanın Ankaradakı səfirliyi Xocalı Soyqırımının ildönümü ilə bağlı Qazi Universitetində anım gecəsi keçirib

Azərbaycanın Ankaradakı səfirliyi Xocalı Soyqırımının ildönümü ilə bağlı Qazi Universitetində anım gecəsi keçirib

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Türkiyənin tanınmış universitetlərindən biri olan Qazi Universitetində fevralın 24-də geniş tərkibli anım gecəsi həyata keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən SİA-ya bildiriblər ki, tədbir TRT Avaz və İctimai Televiziya vasitəsilə Azərbaycan Tibb Universiteti ilə birgə tele körpü formatında həyata keçirilib.

 

Tədbirdə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri millət vəkili Mustafa Kabakçı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini İsmət Yılmaz, Gazi Strateji Araşdırmalar Mərkəzinin sədri Yusif Halaçoğlu, Türkiyənin sabiq Müdafiə naziri Sabahattin Çakmakoğlu, TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş, səfirliyin təşkil etdiyi konfranslarda çıxış etmək məqsədilə Ankara şəhərinə ezam olunmuş ölkəmizin tanınmış elm adamlarından biri olan professor Cəmil Həsənli və millət vəkili Elman Məmmədov, Türkiyənin millət vəkilləri, Türkiyənin müxtəlif fikir quruluşlarının nümayəndələri, Qazi Universitetinin professor və müəllim heyəti, diaspor nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbir zamanı tele körpü vasitəsilə Azərbaycan Tibb Universitetinin tələbə şurasının sədri Elşad Novruzov və Qazi Universitetinin tələbə şurasının sədri İsmet Anlı, Türkiyə Respublikasının ölkəmizdəki Səfiri Hulusi Kılıç və səfir Faiq Bağırov, Gazi Strateji Araşdırmalar Mərkəzinin Sədri Yusif Halaçoğlu, Azərbaycan Tibb Universitetinin Rektoru Əhliman Əmiraslanov və millət vəkili Elman Məmmədov çıxış ediblər. Anım gecəsində Xocalı Faciəsinin dəhşətindən və Türkiyəli jurnalistlərin Xocalı xatirələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Konfrans zamanı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanıb və Xocalı Soyqırımını anladan rəsmlərdən ibarət sərgi təşkil olunub.

 

Ayrıca, tədbirdə Xocalı Soyqırımı ilə bağlı DVD, broşura və digər təbliğat xarakterli materiallar paylanılıb. Qeyd edək ki, səfirlik tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin müxtəlif səmtlərində Xocalı Faciəsi ilə bağlı çox sayda afişaların asılması səfirlik tərəfindən təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə