"Elm və Təhsil Komitəsinin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub"
"Milli Məclisin Elm və Təhsil Komitəsinin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitə üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər". Bunu "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı parlamentin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli Azərbaycanın son 16 ildə sürətli inkişafı nəticəsində, sosial sahədə irimiqyaslı islahatların aparıldığını bildirb: "Bu gün Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq, komandasının diqqətini və dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır".
Minimum əmək haqlarının artırılması aparılan sosial siyasətin məntiqi nəticəsidir
Millət vəkili onu da vurğulayıb ki, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir: "Məlum olduğu kimi, iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının sentyabrın 1-dən artırılması Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir".
Akademik qeyd edib ki, Prezidentin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur: "Biz elm və təhsil işçiləri, bundan sonra daha da səylə çalışacağıq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək".
"Xalqımız heç zaman imkan verməz ki, antimilli ünsürlər öz xəyanətkar maraqlarını icra etsinlər"
İ.Həbibbəyli son günlər dövlətin əldə etdiyi və bütün sahələri əhatə edən uğurlarına, eləcə də, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi islahatlara kölgə salmağa cəhdlər göstərən daxili və xarici düşmənlərin fəaliyyətlərini şərh edərkən deyib ki, xalqımız heç zaman imkan verməz ki, antimilli ünsürlər öz xəyanətkar maraqlarını icra etsinlər: "Sağlam düşüncəli hər bir şəxs, çox yaxşı bilir və xatırlayır ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc və müstəqil dövlətimizi uçuruma doğru apardı. Bu gün Azərbaycan, bütün mənalarda, sabitlik adası kimi qiymətləndirilir, dünyanın bir çox qlobal məsələlərində ölkəmiz söz sahibinə çevrilib. Belə ki, istər sosial, istər iqtisadiyyat, istər mədəniyyət, istər idman və s. sahələrdə ölkəmiz mərkəz rolunu oynayır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının müdrik, uzaqgörən, məqsədyönlü və qətiyyətli siyasətinin bariz nəticələridir. Bir zamanlar Azərbaycan məhv olurdu və insanlar xaos və anarxiya burulğanında ölümlə üz-üzə qalmışdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi və hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Əlbəttə ki, xalqımız bu əzaba dözə bilməzdi və dözmədi də. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində, Onu çağıran, Ondan pənah uman xalqımızın siyasi iradəsi sayəsində ölkəmiz məhv olmaqdan qurtuldu. Ona görə də, bu gün hər vəchlə qarayaxma kampaniyaları aparan, xaricdəki erməni lobbisinin qarşısında nökərçilik edən ünsürlər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Bu gün "biz yenə gələcəyik" deyənlərlə Avropada erməni dəyirmanına su tökənlər arasında heç bir fərq yoxdur, onların ucuz və cılız təfəkkürlərinə əsaslanan dağıdıcılıq maraqları isə gerçəkləşməmiş qalacaq. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir".
"Bu gün ölkəmizdə xalq - iqtidar vəhdəti elə möhkəm əsaslara söykənib ki, həmin əsaslar sarsılmazlığı ilə yanaşı, həm də bənzərsizdir. Dünyanın heç bir ölkəsində belə birlik və belə dəstək yoxdur. Çünki Prezident İlham Əliyev daim xalqın arasındadır, xalqın içindədir. Onun istər paytaxtda, istərsə də regionlara səfəri zamanı, bilavasitə sadə xalqla təmasa getməsi, problem və qayğıları ilə maraqlanması xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Əlbəttə ki, Prezident İlham Əliyev Cənabları da öz çıxışlarında vurğulayır ki, O, daim xalqına güvənir. Bax, bu reallıq Azərbaycanımızın daha da güclənməsinə, sarsılmaz təməllərə söykənməsinə kifayət qədər təkan və stimul verməkdədir. Ona görə də, Azərbaycanın əleyhinə fəaliyyət göstərən üsnürlər bilməlidirlər ki, onların çirkin maraqları heç vaxt istədikləri nəticəni verməyəcək. Və müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi ilə daha böyük sabahlara doğru addımlamaqda davam edəcək".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB