Naxçıvanda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib

Naxçıvanda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib

Şahbuz şəhərində yerləşən Ahıllar Evinin sakinləri ilə görüş olub. Ahıllarla görüş Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək, muxtar respublikada dinamik inkişafın təmin edilməsinin ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaratdığını bilidriblər.

Vurğulanıb ki, bu gün ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların sağlam həyat tərzi yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Sonda ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ahıllar Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə də görüş olub. Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər. Tədbirdə bildirilib ki, muxtar respublikada uzunömürlü insanlara lazımi sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır.

Ceyran Qafarova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib, 255 ahıl vətəndaşa bayram sovqatları təqdim edilib.

Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən ahılların, həmçinin Ahıllar Evi sakinlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ziyarətləri təşkil olunub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə, ahıllara muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib, daha sonra onlar üçün çay süfrəsi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə