Mobil telefonlar zərərlidirmi? ARAŞDIRMA

Mobil telefonlar zərərlidirmi? ARAŞDIRMA

Mobil telefonlardan artıq gündəlik həyatımızda imtina etmək qeyri mümkündür. Telefondan istifadə yaşı 6 yaşa, telefonla oynama yaşı da 2 yaşa qədər enib. Texnologiyanın inkişafı ilə həyatımızda daha da önəmli hal almağa başlayan bu cihazların faydası olduğu qədər zərərləri də olduğunu unutmaq olmaz.

Amerika Pediatriya Akademiyasının araşdırmalarına görə, uşaqların toxumaları daha incə və yumuşaq olduğuna görə bu elektromaqnetik dalğalara daha çox məruz qalırlar. Beyin toxuması da 20 yaşa qədər inkişaf edən bir toxumadır. Yəni bu yaşa qədər insan beyni və bədəni mümkün qədər daha az şüalanmaya məruz qalmalıdır. İnsan bədənində hər gün xərçəng hüceyrələri yaranır, ancaq bunlar müdafiə sistemi tərəfindən aşkarlanıb yox edilirlər.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz SİA-ya mövzu barəsində açıqlama verərkən bildirib ki, son dövrdə mobil texnologiyalar, mobil avadanlıqlar kifayət qədər sürətli inkişaf yolu keçib: "Sertifikatlaşma tələblərinə uyğun cihazlarda onların zərərləri və şüaları barədə danışmağa ehtiyyac yoxdur. Çünki mobil avadanlığı istehlakçılarına qarşı sertifikatlaşma tələblər çox sərtləşdirilib. Lakin zirzəmilərdə istehsal olunan və sertifikatlaşmamış avadanlıqların təbiiki insan sağlamlığına böyük təsirləri vardır”.

Osman Gündüz bildirib ki, telefonların hamilə qadınlara, yeniyetmələrə və xüsusən da körpə uşaqlara böyük zərərləri vardır: "Telefonla danışarkən vaxtı çox uzatmaq, yatarkən yastığın altına qoymaq, telefon isinənə kimi onunla oynamaq kimi hallar yolverilməzdir. Xüsusən də telefonla uzunmüddətli danışarkən qulaqcıqdan istifadə olunması tövsiyyə olunur. Yeniyetmə və azyaşlılar istisnasız olaraq bu cihazdan uzaq durmalıdırlar”.

İsveç elm adamlarının araşdırmalarına görə, 20 yaşından əvvəl mobil telefonu istifadə edən insanlarda beyin xərçəngi və eşitmə itkisinə yol açan xərçəngin inkişaf faizi tam olaraq 4 dəfə artmaqdadır. Bu da dalğaların inkişafda olan beynə zərərlərinin daha çox olduğuna işarədir.

Fitoterapevt Sadiq Salami isə öz növbəsində SİA-ya açıqlamasında bildirib ki, mobil telefonların faydalı cəhətləri də var: "Belə ki, istənilən vaxt harda olduğumuzdan asılı olmayaraq istədiyimiz insanla əlaqəmizi təmin edir. Lakin mobil telefonların böyük zərərləri var ki, telefonlar radiasiya və şüalanma mənbəyidir. Mən ictimai nəqliyyatdan istifadə zamanı, toyda və hətta yaslarda belə, gənclərin əlindən telefon düşmədiyini və mütəmadi olaraq qulaqcıqlardan istifadə etdiklərini müşahidə edirəm. Son zamanlarda mənə müraciət edən bir çox pasientlər yaddaş zəifləməsindən şikayət edirlər. Hazırki vəziyyətdə qulaqcıqların çox istifadə zamanı beyinə verilən ziyanla, yaddaş zəifləməsi, bu cihazın yaydığı şüalar insan orqanizminə bir çox fəsadlar verir. Bu gün evlənən bir çox cütlüklərin demək olarki yarı faizində sonsuzluq problemi yaşanır. Bir çox insanlar hətta yatanda belə telefonu yataqlarına yaxın yerə qoyurlar ki, bu, ümumiyyətlə, yolverilməzdir. Yatmazdan öncə mobil cihazlar yataq otağından çıxarılmalıdır. Uşaqlara və hamilə qadınlara mobil telefon qəti qadağandır. Belə ki, hamilə qadınlar hamiləlik zamanı telefondan çox istifadəsi zamanı doğulan uşaqlarda beyindaxili təzyiq, daun və autizm sendromuna rast gəlinir. Ona görə də hamilə qadınlar hamiləlik və südvermə dövründə telefondan uzaq durmalıdır. Uşaqlarda isə mobil telefondan istifadə 12 yaşından tez olmaz".

Ekspert 2008-də Amerika Qulaq-Burun Akademiyası gündə bir saat və ya daha çox mobil telefon istifadə edən insanlarda eşitmə itkisinin artdığını bildirib: "Utah Universitetində aparılan araşdırmalarda mobil telefonların yaydığı mikrodalğaların uşaqların gözlərinə yetkin isanlara nisbətdə daha çox təsir edərək, zərər verdiyi deyilir. Elektromaqnit işıqlar saçan bu tərz cihazlardan körpə və uşaqlarımızı ən azından 12 yaşına qədər uzaq tutmalıyıq. 13-20 yaş arası isə mümkün qədər az istifadəyə icazə verilməlidir. Mobil cihazlarınızı körpələrdən uzaq tutun. Aranızda “amma uşaq telefon istəyir” deyənlər də olacaq. Lakin unutmayın, uşaq görmədiyi bir şeyi istəməz. Hər şey valideyinin bu məsələyə nə qədər məsuliyyətli yanaşmasından asılıdır".

Aysel MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə