Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olublar. SİA-nın verdiyi məlumata görə, Pansionatın sakinləri ilə görüşən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bu qocalar evində YAP olaraq biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini öyrənib kömək etməyə çalışırıq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
YAP Sədrinin müavini onu da qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin güclənməsinə səbəb olub. Dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayan nazir bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb.
YAP-ın Sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə isə ölkə başçısının ahıl insanlara göstərdiyi diqqət və qayğıdan danışaraq bu işlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Müəssisənin sakinləri onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan ahıl insanlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, YAP icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev görüşdə iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB