““Milli Şura” heç kino-teatr zalını belə doldura bilməz” RƏY - ÖZƏL

““Milli Şura” heç kino-teatr zalını belə doldura bilməz” RƏY - ÖZƏL

““Milli Şura” həqiqətən də, özünü müxalif düşərgənin aparıcı qüvvəsi, şurası sayırsa, o zaman icazə verilən istənilən məkanda mitinq keçirərdi”. Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, mitinq keçirmək üçün hansı məkanın göstərilməsindən asılı olmayaraq, əgər ümumi müxalif düşərgə “Milli Şura”ya, onun liderlərinə etimad göstərirsə, etibar edirsə, inanırsa, Ucarda belə mitinq keçirməyə razı olardı: “Daha müxtəlif bəhanələrə ehtiyac qalmazdı. Bakı meriyası “Milli Şura”nın mitinq keçirmək müraciətinə yox deməyib, Lökbatan qəsəbəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim - idman bazasını tövsiyə edib. Meriyanın təklif etdiyi ünvan heç də uzaqda deyil, Bakını mərkəzindən 15-20 dəqiqəlik məsafədədir. Əgər “Milli Şura” adlanan qurum güclü tərəfdaşa malikdirsə, onu dəstəkləyirsə, o zaman onun üçün məkan müxtəlifliyi önəm daşımamalıdır. “Milli Şura” adlanan qurum isə “28 May” metro stansiyasının, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı parkı istəyir. Bu vaxtadək “Məhsul” stadiaonunda keçirdiyi bütün mitinq və aksiyalarda uğursuzluğa düçar olan bu qurum niyə dərk etmir ki, onlara “Azadlıq”meydanı verilsə belə,

biabırçılıqla üzləşəcəklər. Mitinqdən imtina etmənin müxtəlif səbəbləri var - “Milli Şura” adlanan qurum yaxşı bilir ki, meriya onların tələb etdikləri ünvanlarda mitinq keçirmələrinə izn verməyəcək. Çünki, hakimiyyətin əsas vəzifəsi əhalinin asayişini, təhlükəsizliyini qorumaqdır, “Milli Şura”nın məqsədi isə tələb etdiyi ünvanlarda toplanaraq bu asayişi pozmaq, təxribat yaratmaqdır. Radikal müxalifət nümayəndələri üçün əsas məqsəd ətrafdakıların maraqlarını, rahatlığını yox, həm şəxsi ambisiyalarını, maraqlarını qorumaq, həm də Qərbin anti-Azərbaycan qüvvələrinin sifarişini yerinə yetirməkdir. “Milli Şura”ya demirlər ki, get Qəbələnin meşəliklərində mitinq keçir. Hakimiyyət radikalların etiraz aksiyalarının və özlərinin təhlükəsizliyinə belə təminat verir. Bu gün dağılan, liderlərinin adları müxtəlif çirkinlərdə hallanan “Milli Şura” heç kino-teatr zalını belə doldura bilməz. Bu qurum artıq ifşa olunub, hansı məqsədə və nəyin müqabilində xidmət etdiyi üzə çıxıb. Tribunada dayanacaq “Milli Şura”nın liderləri arasında keçmişi və bu günü sağlam birisini tapmaq mümkün deyil. Elə olan halda hansı haqla meydanlar, parklar tələb edilir. Yüz nəfərin “Milli Şura”nın arxasınca düşməsi xalq demək deyil. “Milli Şura”nın mitinqlərini dəstəkləyən, maliyyə ayıran Qərbin anti-Azərbaycan qüvvələri bunu başa düşməlidirlər. Nahaqdan milyonlarla vəsait belə aksiyalara xərclənir. Zaman keçir, dünya dəyişir, Azərbaycanda xalq-hakimiyyət birliyi daha da möhkəmlənir. Qərbin ermənipərəst qüvvələrinin isə Azərbaycana qarşı planı dəyişməyib. 25 il öncə olduğu kimi, bu gün də Azərbaycanda demokratik hakimiyyətin dəyişilməsi üçün qocalan və tənhalaşan radikal müxalifətə hələ də pul ödəməkdədir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə