“Onun adını “anti-Milli Şura” çağırsaq daha doğru olar” RƏY - ÖZƏL

“Onun adını “anti-Milli Şura” çağırsaq daha doğru olar” RƏY - ÖZƏL

“Əvvəla o qondarma qurumun adını mahiyyətinə uyğun olaraq qeyd etməyi vacib sayıram”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, “Milli” ifadəsi ciddi bir fəlsəfi anlam yükünə malikdir: “Milli olan bir qurum millətin və onun qurduğu dövlətin zərərinə ola biləcək hər bir hərəkət və hərəkətsizlikdən qətiyyətlə imtina etməlidir. Yəni şəxsi və qrup mənafelərini, lazım gəldikdə milli və dövlətçilik mənafelərinə qurban verməyi bacarmalıdır. Bu qondarma qurumun isə əvvəldən bəri bütün fəaliyyəti Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin əleyhinə yönəldilmiş fəaliyyətdir. Odur ki, onun adını “Milli Şura” deyil “Anti-Milli Şura” çağırsaq, daha doğru olar. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin adını yaratdıqları bu anti-milli quruma verməklə, bu qüvvələr Azərbaycan tarixində mühüm rol oynamış bir milli dövlət qurumunu gözdən salmaq kimi ləyaqət normalarına sığmayan bir mövqe ortaya qoymuş oldular. Necə ki, Müsavat ideologiyasını, AXC-nin tarixi xidmətlərini bir qrup şəxsi ambisiya güdən adamlar nüfuzdan saldılar, həmin iyrənc məqsədin davamı olaraq “Milli Şura” adına da xələl gətirməklə, bu xalqa böyük ideoloji zərbə vurmuş olurlar. El arasında məşhur bir deyim var: “Kasıb itinin adını qızıl qoyar”! Amma bunlar sadəcə kasıb olub özlərinə qızıl adı qoymurlar, həm də o qədər mənəvi kasaddırlar ki, qoyduqları adı hörmətdən salmaqla millətə nə qədər mənəvi zərbə vurduqlarının fərqinə belə varmırlar. Gələk sualınıza. Təbii ki, mərkəzdən uzaqda yer verildiyini deyib, mitinqi təxirə saldıqlarını elan etmələri, birmənalı olaraq bəhanədir. Gerçəkdən elektoratı varsa və bu elektorat həqiqətən onlara dəstək vermək istəyirdisə, nəinki şəhərin mərkəzindən beş-altı kilometr uzaqda, ölkənin ucqarında belə yer verilsəydi, ora gələrdi. Sadəcə, mitinqə gələcək tərəfdarları olmadığından ayrılmış yerin uzaqlığını bəhanə gətirirlər. Sual olunur, o zaman nədən elan etmişdilər mitinq keçirəcəklərini? Bunun da cavabı var. Onlara pul verən anti-Azərbaycan qüvvələr və sapı özümüzdən olan baltalar hesabat tələb edirlər. Hesabat verəcəkdilər ki, mitinq eləmək istədik, iqtidar sərbəst toplaşma azadlığını pozdu və icazə vermədi. İndi nə desinlər? İcazə verildi axı! O zaman ayrılan yerin uzaqlığını bəhanə etməkdən başqa yolları qalmadı və belə də elədilər. Bunlar istəyirlər ki, hansı yolla olur-olsun Azərbaycan haqqında mənfi imic yaratsınlar. Bu istəyin də birbaşa milli xəyanət olduğunu deməyə isə ehtiyac yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə