Arif Haşımov: “Akademiyadan kənar təşkilatların doktoranturaya qəbul planları yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq”-MÜSAHİBƏ

Arif Haşımov: “Akademiyadan kənar təşkilatların doktoranturaya qəbul planları yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq”-MÜSAHİBƏ
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Haşımovun SİA-ya müsahibəsi:

- Artıq doktorantura planlarını Nazirlər Kabinetinə təqdim etmisiniz. Burada hansı məsələlər öz əksini tapıb?

- Doktorantura haqqında qanun qüvvəyə mindikdən sonra növbəti mərhələdə hansı ixtisaslar üzrə nə qədər yerin nəzərdə tutulması ilə bağlı doktoranturaya planlar verilməli, həm əyani, həm qiyabi, həm də disertantura üzrə planlar da Nazirlər Kabinetinə təqdim olunmalı idi. Nazirlər Kabineti də Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəylərini nəzərə alaraq bu ilin qəbul planlarını təsdiq etməlidir. Artıq təşkilatlar öz planlarını Nazirlər Kabinetinə təqdim edib, onlar da bu planları Azərbaycan Milli Elmlər Akademiyasına göndərib. İlk növbədə AMEA institutlarına aid olan doktorantura yerlərini işləyib hazırladıq və Nazirlər Kabinetinə təsdiq etmək üçün təqdim etdik. Nazirlər Kabinetindən verilən xəbərə görə, bizim hazırladığımız sənədlər rəyi alınmaq üçün Maliyyə Nazirliyin təqdim edilib. Bu təbiidir, çünki doktoranturada təhsil alanların təqaüd və pulla bağlı məsələləri Maliyyə Nazirliyi tərəfindən həll olunmalıdır. İndi isə akademiyadan kənar təşkilatların doktoranturaya qəbul planları, disertanturaya təhkim olunma planları üzərində AMEA öz rəyini hazırlayır. Demək olar ki, iş tamamilə başa çatıb. Ancaq müəyyən suallar ortaya çıxıb və onları da həll etmək üçün həmin təşkilatlarla əlaqə saxlayıb aydın olmayanları, qanunlarda bəzi məqamlar ilk dəfə olduğuna görə onların tam qəbul olunmamaları haqqında məlumatları dəqiqləşdirmişik. Artıq bu sənəd də hazırdır və Nazirlər Kabinetinə təqdim olunma ərəfəsindədir. Bundan sonra, Nazirlər Kabineti Təhsil Nazirliyinin də rəyini nəzərə almaqla doktorantura planlarını təsdiq edəcək. Bundan sonra isə qəbulun nə vaxt keçiriləcəyi haqqında danışmaq olar. Yəqin ki, qəbulun keçirilmə vaxtı da müəyyən mərhələlərdə razılaşdırılacaq.

- Bu il ərzində doktoranturaya qəbulu iki dəfə keçirmək mümkün olacaqmı?

- Əvvəllər doktoranturaya qəbul 2 dəfə keçirilib, lakin son illərdir ki, qəbul ildə bir dəfə keçirilib. İndi belə bir məsələ ortaya çıxa bilər ki, doktoranturaya qəbul iki ildir ki, aparılmır və cari il qəbul iki dəfə keçirilsin. Ancaq burada fikrimiz onlarla düz gəlmir. Çünki doktoranturaya qəbul təkcə o demək deyil ki, qəbul keçirildi və onlar qəbul olundu. Bu elə bir pillədir ki, qəbul olunduqdan sonra onlara həm elmi rəhbərləri, həm mövzuları verilməli, həm də elmi-tədqiqat işləri aparmaq üçün şərait yaradılmalıdır. Bunların hamısına kompleks şəkildə baxanda, iki dəfə qəbul keçirdib onları yerinə yetirə bilməsək, onda qəbul etdiyimiz doktorantlar müəyyən dövr ərzində öz işlərini yerinə yetirə bilməyəcəklər. Bütün bunların hamısı bizdən tələb edir ki, bu hissədə götür-qoy edək. Bəzi məsələləri tam şəkildə həll etməmiş birdən-birə belə bir addım atsaq, iki dəfə qəbul keçirməyimiz düzgün olmaz. Bəlkə də qəbul keçirsək, o məsələləri həll edə biləcəyik. Ancaq bunların hamısı hazırda araşdırılır. Bütün bunlar tam olaraq həll olandan sonra biz də öz fikrimizi Nazirlər Kabinetinə bildirəcəyik. Son söz yenə də Nazirlər Kabinetinin qəbul etdiyi qərardan asılı olacaq.

- Sizin verdiyiniz qəbul planlarının nə vaxta təsdiqlənəcəyi gözlənilir?

- Akademiyanın verdiyi planlar Maliyyə Nazirliyinə rəyə göndərilib, çünki qarşıya qoyulan məsələlər də öz həllini tapmalıdır. Onların təqaüdləri, iş şəraitləri, ictimai-humanitar sahələrdə işləyən mütəxəsisslərin kitabxana, arxivlər, arxeologiya-etnoqrafiyada olanları ekspedisiyalarla və digərləri ilə təmin etməyi bacarmalıyıq. Bütün bunların hamısı kompleks yanaşma tələb edir.
Biz də istərdik ki, qəbul imtahanları tez keçirilsin. Çünki qəbul olmaq istəyənlər neçə müddətdir ki, bu anı gözləyirlər.

- Doktoranturaya qəbul ödənişli, yoxsa ödənişsiz formada aparılacaq?

- Qaydalara görə, bu il doktoranturaya qəbul həm ödənişli, həm də ödənişsiz formada aparılmalı idi. Ancaq bu il biz ancaq ödənişsiz təhsilə yer vermişik. Ödənişli təhsilin həyata keçirilməsi üçün ödənişin qiymətləri, təhsil haqları müəyyənləşdirilməlidir. Bu da Tarif Şurası tərəfindən həllini tapmadan ödənişli təhsilə keçmək mümkün olmazdı. Bu məsələ hələ ki, öz həllini tapmayıb.

- Doktoranturaya qəbul ötən illərlə müqayisədə nə ilə fərqlənəcək?

- Əvvəlki illərdə indikindən fərqli olaraq çalışmışıq ki, müsbət ənənələr öz əksini tapsın. Həm qəbul imtahanlarında, həm də namizədliyin müdafiəsində əvvəllər bütün sahələrdə çalışanlar disertant ola bilərdi. Yeni təhsil qanununa əsasən ancaq elmi və pedaqoji fəaliyyətlə məşğul olanlar dissertant ola bilər. Başqa sahələrdə çalışanlar isə həm fəlsəfə doktoru, həm də elmlər doktoru pilləsində təhsil almaqla o funksiyanı yerinə yetirə bilərlər. Qəbul zamanı qaşıya qoyulan tələblər təhsil qaydalarında öz əksini tapıb. Bundan başqa, onların işini yerinə yetirmək şərtlərində də müəyyən dəyişikliklər olub. Həmçinin seçim qaydalarında müəyyən qədər dəyişikliklər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə