II Respublika Muğam Müsabiqəsinin qalibləri məlum oldu-TƏDBİR

II Respublika Muğam Müsabiqəsinin qalibləri məlum oldu-TƏDBİR
Bu gün Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutan II Respublika Muğam Müsabiqəsinin rəsmi bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müsabiqə qaliblərinin adları açıqlanıb.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib və bunun təşkilinə şərait yaradan bütün muğamsevənlərə öz təşəkkürünü bildirib. O vurğulayıb ki, ölkədə muğam müsabiqələrinin təşkili Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Müsabiqədə 40 nəfərin iştirak etdiyini deyən nazir bu rəqəmin Azərbaycan üçün çox az olduğunu qeyd edib: "Biz çalışmalıyıq ki, gələcəkdə onların sayı çox olsun. İnanıram ki, bu işlər davam etdiriləcək və bu müsabiqədə iştirak edən gənclərin sayı daha çox olacaq".

Tədbirin davamında müsabiqənin qaliblərinin adları elan edilib. Belə ki, müsabiqədə III yerə Nişanə Baxışova, II yerə Ehtiram Hüseynov, I yerə isə Aytən Məhərrəmova layiq görülüb. Müsabiqə qaliblərinə mükafatları Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və təhsil naziri Misir Mərdanov təqdim edib.

Tədbirin sonunda çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bu müsabiqənin təşkil edilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. O əlavə edib ki, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadənin münsif qismində yer aldığı muğam müsabiqəsinin 3 qalibi Azərbaycanı II Beynəlxalq Muğam Festivalında təmsil edəcək. Onun sözlərinə görə, müsabiqəni keçirməkdə əsas məqsəd gələcək ustad sənətkarların aşkara çıxarılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə