“Elm və həyat” jurnalının 50 yaşı qeyd edilib

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) "Elm və həyat" jurnalının 50 yaşı ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MŞ İdarə Heyəti üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, tanınmış alimlər və redaksiya kollektivi iştirak edib.

 

Tədbirdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınıb. İlk olaraq çıxış edən MŞ-nin sədri Əflatun Amaşov "Elm və Həyat"ın Azərbaycanda yeganə elmi-publisistik jurnal olduğunu bildirib. O, jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova yubiley münasibətilə MŞ-nın təbrikini oxuyub. Ə.Amaşov daha sonra jurnalda uzun illərdir ki, maraqlı elmi məqalələrlə çıxış edən akademik Budaq Budaqova MŞ-nin xüsusi diplomunu təqdim edib. B.Budaqov jurnalın Azərbaycan elminin inkişafında yüksək xidmət göstərdiyini dilə gətirib. Akademik çətin günlərdə də jurnalın işıq üzü görməsi üçün onun əməkdaşlarının fədakarlıq nümayiş etdirdiyini deyib.

 

Daha sonra isə jurnalın baş redaktoru və digər əməkdaşlarına Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomları verilib. Jurnalın redaktoru Şirindil Alışanlı onlara göstərilən diqqətə görə təşəkkürünü bildirib və "Elm və Həyat"ın Azərbaycan elminin dünyada tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. O, jurnalla əməkdaşlıq etməyən hər hansı bir Azərbaycan alimini tapmağın çətin olduğunu söyləyib.

 

Digər çıxış edənlər də jurnalın Azərbaycan mətbuatındakı yeri, elmi publisistikanın formalaşmasında rolu ilə bağlı fikirlərini çatdırıblar.

 

Qeyd edək ki, "Elm və həyat" 1961-ci ilin martında işıq üzü görüb. Respublikada "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Yüksək populyarlığı ona keçmiş sovetlər birliyinini ucqar guşələrində belə oxucular qazandırıb. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Bu KİV-də Azərbaycanın bir çox məşhur elm xadimləri daim öz fikir və mülahizələrini bu günün özündə də bölüşməkdədirlər.

 

"Elm və həyat" 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr olunur. Ötən əlli ildə elmi publisistikanın formalaşmasında jurnal əhəmiyyətli rol oynayıb. Burada Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə