Markos Peres: “Xocalıda baş vermiş hadisələr əsl soyqırımıdır”

Markos Peres: “Xocalıda baş vermiş hadisələr əsl soyqırımıdır”

Mexiko şəhərində Xatirə və Dözümlük Müzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində "Bir daha soyqırıma yol verilməsin!" mövzusunda konfrans keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Markos Peres, Meksika Hökuməti yanında İnsan Hüquqları Komissiyasının Koordinatoru Leonardo Mier və "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Meksika üzrə koordinatoru Ximena Olqin çıxış ediblər. Konfransda giriş sözü ilə çıxış edən X.Olqin Xocalı soyqırımı haqda və Xocalıda baş vermiş qəddar cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində "Xocalıya Ədalət" kampaniyasının fəaliyyəti barədə məlumat verib.

Səfir İ.Muxtarovun çıxışından öncə, Xocalı qətliamı qurbanlarının xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixi kökləri, son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti, Xocalı soyqırımını əks etdirən video və fotoşəkillər, habelə Azərbaycanın tarixi xəritələri əsasında təqdimatla çıxış edən səfir İ.Muxtarov, tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən bəhs edib, həmçinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıda baş vermiş soyqırımın müqəssirləri sırasında olduğunu qeyd edib.

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres, Xocalıda baş vermiş hadisələri soyqırım adlandıraraq, "Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyini" bildirib. O, Xocalı sözünün Azərbaycan xalqı üçün xüsusi məna kəsb etdiyini və məhv edilən şəhərin insanların ürəyində daim yaşayacağını söyləyib. M.Peres, Meksika Konqresinin də sözügedən hadisələrə laqeyd qalmayacağını və Xocalı soyqırımı haqda öz ədalətli mövqeyini bildirəcəyinə inandığını söyləyıb.

Meksika İnsan Hüquqları Komissiyasının Koordinatoru L.Mier tədbirə dəvət edildiyi üçün öz təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun Xocalıda baş vermiş insanlığa qarşı cinayətlər kimi hadisələrə heç vaxt etinasız qalmadığını və Meksika İnsan Hüquqları Komissiyasının Xocalı hadisələrinin araşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, bu kimi cinayətlər və işğal nəticəsində həyatlarını itirən insanların xatirəsinin yad edilməsinin vacibliyini qeyd edərək, həmçinin bu dəhşətli hadisə zamanı müxtəlif fiziki, mənəvi və maddi mərhumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağın zəruriliyini söyləyib.

L.Mier bildirib ki, Xocalıda baş vermiş qeyri-insani cinayətlər beynəlxalq səviyyədə artıq öz təsdiqini tapan olsa da, bu hadisələr hələ də sadəcə faciə adlandırılır və bu kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində yenidən baş verməsinin qarşısını almaq üçün Beynəlxalq Məhkəmə və İnsan Hüquqları institutları ilə sıx əməkdaşlıq etmək vacib əhəmiyyət kəsb edir.

Tədbir zamanı, həmçinin 2010-cu ildə Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən Xocalı soyqırımından bəhs edən və ispan dilində ilk dəfə olaraq hazırlanmış sənədli film və "Xocalıya Ədalət" kampanyası çərçivəsində aparılan fəaliyyəti əks etdirən fotoşəkillər nümayiş etdirilib, habelə 2010-cu ildə Mexiko şəhərində təqdimatı keçirilmiş www.justiciaparajodyali.org internet səhifəsi barədə məlumat verilib. Konfrans iştirakçılarına, üzərində "Justicia para Jodyali" (Xocalıya Ədalət) yazılmış köynəklər, ispan dilində "Xocalı soyqırımı" sənədli filminin diskləri, Xocalı faciəsindən bəhs edən buklet və döş nişanları təqdim edilib. Qeyd etmək istərdik ki, konfransda iştirak edənlər, habelə "Dünya liderlərinə müraciət" ("petition") kitabına öz imzalarını əlavə ediblər. "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlər davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə