Plastik torbaların ətraf mühitə zərərləri və ya "Yeddinci Qitə" - ARAŞDIRMA
Son illərdə alış-veriş mərkəzlərində və böyük marketlərdə görməyə öyrəşdiyimiz plastik torbalar əvəzinə, yenidən istehsala yararlı materialdan və parçalardan hazırlanmış torbalara rast gəlmək də mümkündür. Dünyada sənayeləşmənin inkişafı təbiətə öz mənfi təsirini göstərməyə başlayıb. Və təbiətə zərər vuran başlıca səbəblərdən biri də həddən artıq plastik materiallardan istifadədir. Plastik torbaların ətraf mühitə zərərləri olduğu qədər insan bədəninə də bir çox mənfi təsirləri vardır. Aparılan bir çox tibbi araşdırmalar nəticəsində son illərdə artan bir çox xəstəliklərin əmələ gəlməsində məhz bu torbaların hazırlanmasında istifadə olunan materialların da böyük rolu var. Plastik torbalarda saxlanılan ərzaqlar kimyəvi maddələrlə reaksiyaya girir və bu da insanın sağlamlığına öz mənfi təsirini göstərir.
Bakı sakini Bayar Ağayev gündəlik həyatında plastik torbalardan istifadə edir, zərərləri barəsində isə müəyyən qədər məlumatı var: “Bilirəm ki, kimyəvi maddələrdən hazırlandığına görə, ərzaq məhsullarının saxlanması üçün əlverişli deyil. Yaxşı cəhəti budur ki, evdəki tullantıları bu torbalara ataraq evdən uzaqlaşdıra bilirik. Kağız torbalardan istifadə etmək nisbətən məqsədəuyğun hesab olunur. Məsələn, mağazalarda çörəklər kağız torbalarda satılır, bu çox yaxşı haldır. Plastik qablar kimyəvi maddələrdən hazırlandığı üçün ət və ət məhsullarının, turşuların plastik qablarda saxlanması zərərlidir.
Sarvan Tahirov isə düşünür ki, hələlik plastik torbalarsız mümkün deyil: “Ətraf mühitə zərərləri barədə eşitmişəm. Alternativ variant kimi kağız və parça torbalardan, istifadə etmək olar. Yaxşı olar ki, bizim ölkəmizdə də plastik torbalar qadağan olunsun”.
Şəhla Cəlilovanın da plastik tullantıların ətraf mühitə zərərləri barəsində məlumatı var. O isə təklif edir ki, alternativ variant kimi tullantı qablarının çox olması yaxşıdır. Bu zaman insanlar həmin tullantıları qablara atacaq və bu özü də ətraf mühitin təmizliyinə bir köməkdir.
Kainat Qubadov plastik torbalardan hər gün istifadə etdiyini təəssüf hissi ilə söyləyir: “Onun ətraf mühitə zərərləri barəsində xəbərimiz olsa da yenə də istifadəsinə davam edirik. Türkiyədə təhsil alıram və orada 2020-ci ilin yanvar ayından etibarən plastik torbalar pullu olacaq. Fikrimcə, Azərbaycanda da bu hal yaranarsa, plastik torbalardan istifadəsi azalar”.
Elmdar Qurbanovun sözlərinə görə, lazım gəldikdə plastik torbalardan istifadə edir, ətraf mühitə zərərləri barəsində də məlumatı var: “Əvvəllər kağız torbalardan istifadə olunurdu, indi çörəklər də kağız torbalara qoyularaq satışa çıxarılır. Bu yaxşı bir haldır. Yaxşı olar ki, digər məhsulların qablaşdırılmasında da bu kimi materiallardan istifadə olunsun”.
Plastik torbaların məhvi əsnasında ortaya çıxan qazlar da, ən az onların istifadəsi qədər təbiətə ziyan verir. Qəfildən meydana gələn meşə yanğınlarının səbəbləri arasında belə plastik torbalar da var. Belə ki, ətrafa atılan bu şəffaf torbalar günəş işığını udaraq istixana effekti yaradır, bu isə öz növbəsində yanğınlara səbəb olur. Plastiklərin çürümə prosesi dənizdə 400 il, torpaqda isə 800 ildir. Bu çürümə əsnasında isə bütün zərərli maddələr suya və torpağa qarışır. İnsanların işlədikləri ərazilərdə bu vəziyyət məhsullara da təsir edərək sağlamlığa zərərli halları meydana çıxır. Eyni zamanda ətrafa atılan plastik torbaları heyvanların qida zənn edərək yemələri nəticəsində sindirim sistemlərinin pozulması ilə ölümlərinə yol açır. Qara rəngli torbalar tullantı maddələrindən əldə edildiyi üçün çox zərərli olduğu bilinir. Artıq bir çox ölkələrdə plastik torbalara qadağa qoyulur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bir çox ölkələrdə, o cümlədən dünyanın ən məşhur çaylarından biri olan Nil çayının plastik tullantı materialları ilə necə çirkləndiyini öz gözlərimlə görmüşəm. Bu məsələ dünyanı narahat edən problemlərdən biridir. Dünyanın zəif ölkələrindən sayılan Nepal belə plastik qablaşdırmalardan imtina edib.
Təşkilat rəhbərinin sözlərinə görə, ilk öncə əhali bu mövzuda maarifləndirilməlidir və digər ölkələrin təcrübəsindən yararlanmaq lazımdır: “MDB və bir çox ölkələrinin təcrübəsi belədir ki, maksimum nazik, rəngsiz və pulla satılan plastik torbalardan istifadə edilsin. Birdən-birə plastik qablaşdırmadan imtina etmək mümkün deyil. Çünki Azərbaycan dünya bazarına inteqrasiya olmuş bir bazara malikdir. Artıq bir çox firmalar şüşə qablaşdırmaya keçiblər. Bu çox yaxşı bir haldır. Azərbaycanda bərk tullantıların idarə olunması üçün xüsusi komissiya var. Azad İstehlakçılar Birliyinin sədri olaraq mən də o komissiyanın üzvüyəm. Mən orada qida məhsullarının qablaşdırıldığı plastik tarlaların məhdudlaşdırılması və onun ətraf mühitə atılmasının qarşısının alınması üçün müəyyən təşəbbüslər qaldırmışam. Düşünürəm ki, bu təşəbbüslər dəstəklənəcəkdir. Çox yaxşı haldır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələni artıq gündəmə gətirib.

Eyyub Hüseynovun sözlərinə görə, ən alternativ və dünyanın heç bir yerində olmayan talış zənbilləridir:
“Əvəzolunmaz ekoloji bazar torbasıdır. Hazırda mən özüm də talış zənbillərindən istifadə edirəm. Çox gözəldir və hətta onun xaricə bazarını yaratmaq olar. Bir çox ölkələrdən, o cümlədən Amerikadan bir çox nümunələr gətirmişəm. Plastik qablardan, sinilərdən imtina edilərək karton əsaslara keçilib. Amerika və bir çox ölkələr plastik qaşıqdan, çəngəldən hələ imtina edə bilməyiblər. Bu, etapla olmalıdır, əvvəla əhalinin, sonra isə biznes qurumlarının təşəbbüsü lazımdır. Azərbaycanda böyük biznes qurumlarından bu təşəbbüsə qoşulanlar var. Üstəlik plastik tullantıların təşkil olunmuş şəkildə toplanılması vacibdir. Nərimanov rayonunda qaldırılmış bu təşəbbüs təqdirə layiqdir. Orda artıq plastik tullantılar yığılır və ultrizasiya edilərək aradan qaldırılır. Plastik qablarda turşu, üzüm yarpağı qoyulması, hətta bəzi rayonlarda istifadə olunmuş plastik qabların sonluğunu əmzik taxaraq körpə qidası saxlanılması bizi çox narahat edir. Bunlar yolverilməzdir”.

Gündə neçə növ plastik məhsullar istifadə etdiyimizi düşünün. Bütün dünyada hər il 1 trilyon plastik torba, 500 milyon plastik su qabları və 5 milyard plastik stəkan istifadə edilərək atılır. Hər birimizin istifadə etdiyi bu plastiklər əvvəlcə suya qarışır, sonra çaylara, dənizlərə və okeanlara qədər çatır. Dünyadakı hər bir insanın istifadə etdiyi bu tullantılar okeanda su dalğaları ilə birləşib və 1,8 trilyon plastikdən ibarət bir adaya çevrilib. Təxminən 3,5 milyon kvadrat metrlik ərazini əhatə edən bu nəhəng plastik tullantı kütləsini ada yox artıq qitə adlandırmaq olar. Bu tullantılar 700 dən çox canlının həyatı üçün təhlükəlidir. Dəniz quşlarının və dəniz tısbağalarının 44 faizinin mədəsində plastik parçaların olduğu təxmin edilir. Hər il 1 milyon dəniz quşu sadəcə bu səbəbdən ölür. Bunu yeyən balıqlar da qida rasionumuzun önəmli qismini təşkil edir. Düşünün ki, yediyiniz balığın içində görə bilmədiyimiz plastik materiallar var. Hal hazırda dünyanın 5 ayrı bölgəsində bu adalara bənzər adalarda plastik tullantılar toplanmağa davam edir. 2050-ci ildə bu tullantı kütləsi dənizdəki bütün balıqların kütləsi ilə eyni olacağı təxmin edilir.
Aysel MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB