Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr yüksək qiymətləndirilir
Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən Heydər Əliyev Fonduna "Strateji əməkdaş" statusunun təqdimi reallaşdırdığı layihələrin nəticəsidir
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Bu fond təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir.
Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi əsasında 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələr bərpa edilərək, istifadəyə verilib. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzi inşa olunub. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzdə parlamasına öz töhfəsini verir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə, İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Bir il sonra isə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə, Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edildi. Elə həmin il uğur Onu müşayiət etdiyindən, YUNESKO-nun "Qızıl Motsart" medalı Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva Türk Dünyası Mədəni İrsinin zəngin parçası olan Azərbaycan Türklərinin Maddi və Qeyri-Maddi Mədəniyyət Abidələrinin Qorunması və Təbliği sahəsində böyük xidmətlərinə görə, TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də, elə gördüyü işlərin nəticəsidir. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Bütün bu və ya digər mükafatlar Mehriban xanımın xidmətlərinə olan mükafat və qiymətdir.
Bu günlərdə isə, Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən "Strateji əməkdaş" statusu təqdim olunub. Qeyd edək ki, bu status "Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası" və "Sülh və İnkişaf üçün Çin Dostluq Fondu" tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumunda verilib. Tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər. Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib.
Bu, bir daha onu göstərir ki, bəşəri ideyaları ilə dünyaya sülh aşılayan və insanlığı təbliğ edən Azərbaycanın Birinci Xanımının insanlığın tələbinə uyğun addımları daim diqqətdədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB