Atmosfer havasının çirklənməsi vəziyyəti, xüsusilə də böyük şəhərlərdə yaşayan əhalini maraqlandıran və narahat edən mövzulardan biridir. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ETSN-də bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib.
“2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO) kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir.
Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar.
Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təpəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir. İntensiv avtomobil hərəkəti olan şəhər küçələrində Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küç.,Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, istilik effekti yaradan qazların karbon qazı (CO2) , metan (CH4), azot oksidi (N2O) kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür.
Bütün bunları nəzərə alaraq, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühüt yaratmaqla əhalinin marağını artırmaq vacibdir”, deyə Umayra Tağıyeva diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB