Hava məlumatlarının daha operativ çatdırılması üçün ETSN tərəfindən yeni sayt hazırlanıb TƏDBİR
Hava şəraitinin necə olacağı hamını maraqlandıran bir məlumatdır və müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ETSN-də bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır.
“Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların hansının doğru, hansının yalnış olduğunu, hansının rəsmi məlumat olduğunu adətən araşdırmadan qəbul edir . Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla, əhaliyə, bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək.
Saytımızdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə edə bilərsiniz. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək. Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən artıq tarixə malik olduğunu nəzərə alaraq illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim ediləcək (konkret gün üçün mütləq minimum və mütləq maksimum temperaturu).
Sayt istifadəçilərinin müxtəlif maraq dairələrini nəzərə alaraq burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər.
Saytımızın digər özəlliyi bundadır ki, bəzi fiziki imkanları məhdud olan insanlar da nəzərə alınaraq, onlar üçün səsli hava proqnozları təqdim ediləcək.
Bununla yanaşı hava-iqlim mövzusunda istər ölkəmizdə, istər dünyada baş verən proseslər və hadisələr işıqlandırılacaq.
Məqsədimiz əhalinin hava məlumatı sahəsində marağını təmin etmək olduğu üçün istifadəcilər tərəfindən bizə daxil olan arzu və təklifləri də nəzərə alınacaq”, deyə Milli Hidrometeorologiya Departamentinin direktoru bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB