Ailə institutu, ailə dəyərləri min illərdən üzübəri daima Azərbaycan xalqının müqəddəs, göz bəbəyi kimi qoruyub saxladığı xəzinə olub. Bu xalqın mənəvi xəzinəsini, milli dəyərlərini də əsasən bu amil təşkil edir. Çünki dünyaya göz açıb ailədə böyüyən, daha sonra cəmiyyətə atılan hər bir azərbaycanlının mənəvi dəyərlər və həyat düşüncəsi ailəsində aldığı ilkin informasiya ilə formalaşır. Uşaq yaddaşı həmişə iti olur. 4-5 yaşındakı bütün önəmli hadisələr kino lenti kimi hər bir insanın “yaddaş seyfinə” yüklənir. Xüsusilə ailədəki hər bir anı uşağın yaddaşına ömrünün sonuna qədər həkk olur.
Ailə dəyərləri: Çıraqla axtarsan çətin tapasan!
Çox zaman ailədə uşaqların yanında valideynlərin öz danışıq və vəedişlərinə xüsusi ehtiyatla yanaşmaları barədə xəbərdarlıq da məhz uşaqların gələcək dünya görüşünə görə baş verən narahatlıqla bağlıdır. Ata-ana arasındakı münasibətlər, ailədə tərbiyə və dünyagörüşü barədəki fikirlər uşaqların psixoloji durumunda və gələcək ictimai fərd kimi hansı istiqamətdə yetişməsində, yön almasında çox vacib rol oynayır. “Uşağın yanında hər sözü danışmaq olmaz” deyimi də çox hallarda buna əsaslanır. Təəsüf ki, bu gün cəmiyyətdə ailə institutunun “Ferrari” sürətilə iflasa doğru yön aldığını görməmək mümkün deyil. Ən dəhşətli cinayət isə, həqiqətin inkar edilməsidir. Çünki bu yalan sabahkı faciələr üçün əsl bünövrədir. Təbii ki, qanan, anlayan üçün...
Son günlər statistika çox qorxunc bir vəziyyətdən xəbər verir. Xəbər verir yox, əsl faicəli vəziyyət barədə həyəcan sinqalı çalır. Boşanmalar kəllə-çarxa çıxıb!. Təsəvür edin ki, artıq boşanma halları sıradan sosial bir prosesdir, hadisədir. Artıq heç kimi təəccüb-filan bürümür. Sanki artıq Azərbaycan cəmiyyəti üçün BOŞANMA sindromu başını aşağı salıb adiləşdirdiyi bir sosial adətə çevrilib. Bəs qabaqlar necə idi?. Qızı boşanan kişi fikirdən çərləyib ölürdü, boşanan qızın qardaşı el-oba arasına çıxmağa çəkinirdi. Ailənin nüfuzu ciddi zədələnirdi, o ailə ilə qonum-qonşu artıq məsafə saxlayardı, əsl tənə hədəfi olurdu. Qabaqlar el-oba, camaat belə işlərə yol vermirdi, yığışıb həm oğlanın, həm də qızın başına ağıl qoyurdular, ağsaqqallar gəncləri danlayar, həyat dərsi keçərdilər. Aradakı problemləri başa salaraq, üsul-qayda ilə yoluna qoyurdular.
İndi nə ağsaqqal qalıb, nə qara saqqal. İndi deyişi pis çıxmasın, heç kim böyük sözünə “filan şey də qoymur”. İndi heç kim heç kimin “kitabını oxumur”. Ara qarışıb, məzhəb itib. İndi sosial şəbəkələrdə bütün mənəvi dəyərlərimiz küçədəki sahibsiz itlər kimi yerlərdə sürünür. Cinsini dəyişən “kişilərdən” tutmuş, ailəsinə min dəfə xəyanət edərək, əxlaqsızlığı biznesə çevirən ləçər “xanımlar”, olmayan tərbiyəsizliyə sahib olan gədə-güdə at oynadır cəmiyyətdə. Getdi işinin dalınca qabaqkı adət-ənənlər, el-oba abır-həyası. Daha yoxdur onlar!.
Sevgidən öncə EVİN OLSUN!
Qabaq qız gəlin köçəndə, ata-anası ona “Artıq getdiyin ocağ sənin əbədi evindir. Ordan ancaq ölün çıxacaq” deyirdilər. Yəni artıq ata evini unut, getdiyin ocağa bağlan, oğul-qız sahibi ol, ailənin dirəyi ol deyirdilər. Qabaq analar qızlarını ailə həyatına hazırlaşdırırdılar, onlara evdarlığı, ailəyə baxmağı öyrədirdilər. Getdiyin ocağa, ailə böyüklərinə dərin hörmət və bağlılığı öyrədərdilər. Ata evindən ayrılan qız da anlayırdı ki, gəlin getdiyi ocağ onun axirətə qədər ocağıdır. İndi o cür anaları ancaq nağıllarda olduğu kimi çıraqla axtara bilərsən. İndi ölkəmizdə ailə institutu elə bir həddə çatıb ki, daha müqəddəs dəyərlər, ailə bağlılığı deyilən məhfumlar tarixə qovuşub, bu cür ifadələrə dodaq büzürlər indiki gənclər.
Deməli belə, indi ər arvadına “ayağını bir az kandara qoy”, yaxud “kiri yerində otur. ərin ər yeri, arvadın arvad yeri var” desə, qadın heç bir tərəddüd etmədən ayaqyalın qaçacaq məhkəməyə. Niyə?, çünki ayağını qatlayıb evdə oturmaqdan, ərə, uşaqlara qulluq etməkdən, ev işlərini görməkdən zəhləsi gedən əksər xanımlar əla bilir ki, gedəcəyi məhkəmədə hər şey onun üçün, onun xeyrinə həll olunacaq. Açıq danışaq, indi ailə qurma deyəndə oğlanın maddi imkanları, əmlak vəziyyəti ilk öndə gələn məsələdir. Qız evi öncə ev tələb edir. Ona gör yox ki, həmin ev gənc ailənin yaşaması üçün lazımdır, yaxud valideynlər övladlarının kirayədə yaşamasından narahatdırlar. Ona görə ki, 3-5 gündən sonra məhkəməyə düşüb boşananda 1 otaqlı evi, uşaq varsa alimenti alıb qızlarına “GÜN AĞLASINLAR!”. Qızlarının bu oğlanla bir ömür boyu can deyib can eşitməsi, bir yastıqda qocalması, xoşbəxt olması getdi işinin dalınca. Gördün ki, bir balaca ər sözünə baxmır, ya da qayınana səndən qulluq tələb edir, ayaqyalın qaç məhkəməyə. Niyə,-BOŞAN və QAZAN!.
Evli xanımlar sosial şəbəkələrdə nə gəzir?
Amma ər evində oturmaqdan bezib, sərbəst yaşamaq, “azad həyat sürmək” eşqinə düşən, ərinə xəyanət yolu tutan qadınlar da içki düşkünü olan kişilər kimi eyni statusda, hələ bir az da irəlidədirlər. Xüsusilə son bir neçə il ərzində sosial şəbəkələrdə əksər qadınların yersiz “fəallığı”, ağına-bozuna baxmadan ailəli olduğunu kənara tullayıb özünə sevgili axtarışına çıxması ailələrin kütləvi şəkildə dağılmasına yol açır. Evli xanım ailə məsuliyyətini, abır-həyasını ayaq altına atıb bu yolu tutursa, bu bir cəmiyyət üçün əsl FACİƏDİR!. Ərini, uşaqlarını düşünməyən, evdə biş-düş əvəzinə sosial şəbəkələrdə “biş-düş edən” bu cür evli xanımlar, həm də öz sonlarını gətirirlər. Bir çoxları boşanmaları sosial problemlər, pulsuzluq və işsizliklə əlaqələndirirlər. Sözsüz ki, evə qazanc gəlməyəndə qazana sevgi dolu sözlərdən ibarət ərzaq doldurmaq olmur. Mütləq qazanc lazımdır. Amma çətinlikləri bəhanə edib ailəni qorumaq əvəzinə, əl-ələ verib çətinlikdən çıxmağı yox boşanmağı seçmək çıxış yolu deyil. Bircə fakt bu dediklərimə gün kimi misaldır: İkinci dünya müharibəsində insanlar yeməyə yox, qoxulayıb cigərlərinə çəkməyə çörək tapmırdılar. Amma nə qədər əcaib görünsə də o zaman, yəni ikinci dünya müharibəsi zamanı boşanan ailə qeydə alınmadı!. Bu da sənə fakt..
Qanunun boşluğu: Xəyanət et, ev və aliment qopar!
Təəsüf ki, ailə məcəlləsindəki bir sıra boşluqlar da boşanmalar üçün əsl “yemdir”. Təsəvvür edin ki, məhkəmələrimizdə boşanma prosesi yazıq kişinin əsl faciə tamaşasına çevrilir. Bütün hallarda günahkar məhz KİŞİLƏR elan olunur. Mən, kişi-qadın ayrı seçkiliyi aparmıram. Amma fakt odur ki, qadının zərif cins olmasına görə qanunvericilik tamamilə birtərəfli şəkildə qadının yanındadır. Boşanmanın səbəbini nəzərə almadan belə!. Sözsüz ki, içki düşkünü, narkolan, ailəsinə baxmayan, həyat yoldaşına, övladlarına zülm edən ərləri yüz qatına cərimələmək lazımdır. Belələrinə heç bir güzəşt olmaz. Bu tiplər ailə dəyərləri üçün üz qarasıdır. O başqa məsələ.
Təsəvvür edin ki, ailəsinə, ocağına xəyanət edən əxlaqsız yolun yolçusu ifşa olunur və özünə hörmət edən ər onu həyatından silməyə qərar verir. Çünki bunun başqa alternativ variantı da yoxdur. Namusunu ayaqlar altına atan qadınla bir yastıqa baş qoymaq əsl Azərbaycan kişisinin görəcəyi iş deyil...
Həmin anda həmin bu pis yolun yolçusu olan qadın xəyanət etdiyi kişidən 1 otaqlı ev və aliment qoparıb sakitcə, “azad şəkildə” tam sərbəst həyatına davam edir. əsl azadlıq!. Bəs hanı ədalət, hanı qanunun aliliyi?. Məhkəmədə niyə ailəsinə xəyanət yolu tutan birisinə cəza verilmir, niyə onun hüquqları məhdudlaşdırılmır?. Belə çıxır ki, qadın xəyanət edəcək, ailəsini atacaq, amma namuslu əri ona 1 otaqlı ev və uşağa görə 18 il aliment ödəyəcək. Bu necə ədalətdir ki?. Demək belə getsə, cəmi bir neçə ildən sonra rəsmi nigaha girənlərin sayı da nadir statistika arxivinə çevriləcək. İndi əksər oğlanlar da ayılıblar ki, əksər qızlar ailə qurmaq, ev-eşik sahibi, övlad sahibi olub bir ömür bir yerdə xoşbəxt həyat sürmək üçün yox, 3-5 ay evli olub əmlak və aliment sahibi olmaq üçün “evlənirlər”. Bu məsələ, gerçəkdən olduqca ciddi xəbərdarlıqdır. Bu, sözün əsl mənasında milli dəyərlərimizin gələcəyi üçün tarixi həyəcan təbilidir.
Boşanmanın qurbanı-günahsız uşaqlar!
Və ən sonda gələk bu boşanmalardan əziyyət çəkən əsas hədəf olan balaca uşaqlara. Onlar, ata və analarının arasında baş verənlərdən, ailə münaqişələrindən bixəbər olurlar. Yəni yaşı 10-a çatmayan uşaqlardan danışıram. Amma o uşaq yaddaşlarına elə bir zərbə həkk olunur ki, bir ömür o zərbənin təsirindən həyatları boyu əziyyət çəkirlər. Görəsən valideyn adını doğum şəhadətnaməsində yazdıran insanlar, o ada layiq olmaq barədə heç həyatları boyu ayda-ildə bir dəfə də olsun düşünürlərmi?.
Məktəbə atasız gedən uşağın, həmyaşıdlarına olan ata qayğısını necə həsədlə, əsəbiliklə və həttda nifrətlə seyr edəcəyini heç düşündülərmi boşanmaya tələsənlər?. Düşündülərmi ki, bu uşaq ata-ana sevgisindən məhrum olan, ailə sevgisi yaşamayan bir fərd olaraq əbədi şikəst kimi böyüyəcək?. Düşünsələr məsuliyyətsiz addımlar atmaz, dünyaya gətirdikləri körpələrin atasız-anasız böyüməsinə yol açmazlar. Ailə məsuliyyəti deyilən məhvumdan xəbəri olmayan yüzlərlə ailə var cəmiyyətimizdə. Təəsüf ki, ailə qurmaqla bağlı maarifləndirmə hələ ki, mənasız və ətürpədən yalançı cümlələrdən uzağa getmir. Demək ki, sevgidən daha əvvəl quracağın ailənin məsuliyyətini anlamaq və onu qorumaq barədə düşünməlisən. Çünki sən hollandiyalı, belçikalı, norveçli və ya başqa birisi deyilsən. Sən ailə dəyərlərini min illərdir bu günlərə gətirib çıxaran azərbaycanlısan...
Mətləb Salahov
Məqalə Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu” layihəsi çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB