Masallının Boradigah qəsəbəsində səyyar görüş-qəbul keçirilib

Masallının Boradigah qəsəbəsində səyyar görüş-qəbul keçirilib

Bu gün Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Boradigah qəsəbəsində keçirilib. SİA-nın verdiyi məlumata görə, səyyar görüş-qəbulda 150-ə yaxın qəsəbə sakini iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

Qəsəbə sakinlərindən Elnur İsmayılov, Əsgər Nəhmətov, Rəhman Əkbərov, Aydın Abdullayev, Balağa Hacıyev, Zakir Abdullayev, Vüqar Məmmədov və başqaları Boradigah - Qumbaşı asfalt yolunun təmiri, suaparıcı kanallların və çayın təmizlənməsi, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, işıq transformatorlarının dəyişdirilməsi, internetin zəif olması, bəzi məhəllərdə işməli su çətinliyi, uşaq bağçasının tikilməsi və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.

Səyyar görüş - qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə