DMX-nin “919 Çağrı Mərkəzi” istifadəyə verilib

DMX-nin “919 Çağrı Mərkəzi” istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əsaslı təmirdən sonra yeni “919 Çağrı Mərkəzi”nin açılışında iştirak edib. Bu barədə SİA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Xidmət rəisinə məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən “Çağrı Mərkəzi”ndə müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub.

“Çağrı Mərkəzi”nə gələn zənglər artıq yeni nəsil kompüter proqramları vasitəsilə idarə edilir ki, bu da xidmət keyfiyyətinin daha da yüksəldilməsinə və operativliyə, o cümlədən vətəndaş məmnunluğunun təmin olunmasına müsbət təsir göstərir.

Vüsal Hüseynov zənglərin intensivliyi və müraciət zamanı orta gözləmə vaxtı ilə maraqlanıb. O, gələcəkdə nəzərdə tutulan yeniliklərdən danışıb, əməkdaşlara uğurlar arzulayıb.

Qeyd edək ki, DMX-nin “919 Çağrı Mərkəzi” bu ilin yanvarından həftənin bütün günlərində 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə