YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin şura iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin şura iclası keçirildi. İclasda gənclər birliyinin Fəaliyyət Planı və gənclərin sosial şəbəkələrdə fəallığının artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olundu.
İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi: "Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli və vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir".
Təşkilatın gənclər birliyinin sədri Rüfət Əhmədov çıxışında bildirdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır: "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. "Gənclər birliyinin şura üzvləri Məmmədov Aqşin, Bünyadov Mehdi, Mahmudov Tosif, Mirzəyev Vilayət çıxış edərək, bildirdilər
ki, bundan sonra da partiya həyatında daha da fəal iştirak edəcəklər. Həmçinin, gənclərin fəallığı ilə bağlı öz təkliflərini irəli sürdülər.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ideoloji sahədə fəaliyyətin gücləndirilməsi, sosial şəbəkələrdə aktivliyin artırılması üçün tövsiyə və tapşırıqlarını verdi.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB