FHN İşçilərinin Həmkarlar İttifaqı toplantı keçirib

FHN İşçilərinin Həmkarlar İttifaqı toplantı keçirib

Sentyabrın 24-də Qəbələdəki “Qafqaz Resort” otelində Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin aparatında, qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə toplantı keçirilib. FHN-dən SİA-ya bildiriblər ki, toplantıda çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov rəhbərlik etdiyi həmkarlar ittifaqı tərəfindən cari ilin doqquz ayında görülən işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.

M.İsmayılov bildirib ki, ötən hesabat dövründə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramlarında şənliklər təşkil edilib, uşaqlara bayram hədiyyələri verilib. Həmçinin əlamətdar gün və peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş 212 nəfər ittifaq üzvü Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN İşçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi keçirilib. Eyni zamanda, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək verilib. İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə İdman-Sağlamlıq Klubu ilə birgə nazirliyin qurumları arasında şahmat, çoxnövçülük, stolüstü tennis, mini-futbol, beşnövçülük üzrə çempionatlar keçirilib.

“Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də ittifaqımızın fəaliyyətində əsgərlərlə görüş prioritet vəzifələrdən biri olub”, - deyən M.İsmayılov 9 May - faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Ağdam rayonundakı cəbhə bölgəsində və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bərdədəki N saylı hərbi hissələrində xidmət edən əsgərlərlə görüşlərin keçirildiyini, əsgərlərə xatirə hədiyyələri və bayram sovqatının verildiyini söyləyib.

Qeyd edilib ki, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərilib, İttifaq üzvlərinin istirahətlərinin təşkili məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqının yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzində dəyərinin 20 faizini ödəməklə FHN İşçilərinin Həmkarlar İttifaqının daxil olduğu ittifaq üzvü ailə üzvləri ilə birgə istirahətə göndərilib. Sosial sığorta hesabına ailə üzvləri ilə birgə istirahət etmək üçün İttifaqın 8 üzvünə Nabranda yerləşən “Xəzər” istirahət mərkəzinə, 2 nəfərə isə “Şahdağ” istirahət mərkəzinə yollayış verilib.

Həmkarlar ittifaqına müvafiq qaydada müraciət edən, səhhətində problemləri yaranmış üzvlərdən 83 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx” və “Naftalan” sanatoriyalarında müalicə və istirahət üçün dəyərinin 15 faizini ödəmək şərtilə yollayış verilib. Bundan əlavə, vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş veteran işçilər və maddi imkanı az olan işçilər də unudulmayıb, müvafiq yollayışlar onlara pulsuz verilib. İttifaqın büdcəsi hesabına 8 üzvə “Naftalan” sanatoriyasına yollayış təqdim olunub.

M.İsmayılov çıxışının sonunda üzvlərin təkcə əmək və sosial problemlərinin həlli ilə kifayətlənməyək, onların ailə üzvlərinin sağlamlığının qorunması, mədəni, mənəvi tələblərinin ödənilməsinin də qayğısına qalınacağını və bundan sonra da gündəlik fəaliyyətdə həmkarlar ittifaqının qarşında duran bütün vəzifələrin həllinə çalışılacağını diqqətə çatdırıb.

Sonra ittifaqın cari ilin dördüncü rübünün tədbirlər planı müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Tədbirdə toplantının gündəliyində yer alan digər məsələlər də müzakirə olunub.

Sonda FHN-in 50 illik yubileyi tamam olan, eləcə də 50 illik əmək fəaliyyəti münasibətilə bir qrup əməkdaşına Həmkarlar İttifaqının fəxri fərmanları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə