“Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqə -sərginin açılış mərasimi keçirilib

“Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqə -sərginin açılış mərasimi keçirilib
Bu gün Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqə -sərginin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, sərgi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Abşeron" Rəsm Qalerayasının təşkilatçılığı ilə baş tutub. Sərgidə "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Ağəli İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdərəsinin rəisi Raqif Abbasov iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səslənib. Tədbiri giriş sözü ilə açan "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov bildirib ki, "Xocalı-qanlı-qadalı" sərgisində Bakının müxtəlif rayonlarından 70 məktəblinin iştirak etdiyi nümayişdə 72 rəsm var. Direktorun sözlərinə görə, Xocalı faciəsi yeni nəslin yaddaşında ildən-ilə daha dərin iz buraxıb. O qeyd edib ki, bu sərgi Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış "Xocalıya Ədalət" kampaniyasına layiqli töhfədir.

Tədbirdə söz alan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədovun sözlərinə görə, gənclər öz əl işlərini qanlı səhnələrə yox, ölkədə gedən quruculuq işlərinə də həsr etsinlər. Ə.Məmmədov vurğulayıb ki, gənclər müharibəni əlvan rənglərlə əks etdiriblər: "Gələcək nəsillər bilməlidir ki, torpaqlar yalnız sülh yolu ilə deyil, hərbi yolla da qaytarıla bilər. Ermənilərin soyqırımı siyasəti bu zamana qədər davam etməkdədir".

Daha sonra isə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Ağəli İbrahimov deyib ki, Xocalı faciəsi Azərbaycanın qanlı tarixində ən yaddaqalan hadisədir. Nümayəndənin sözlərinə görə, Çingiz Mustafayevin və Seyidağa Mövsünlünün çəkdiyi kadrlar erməni təcavüzkarlarının Azərbaycan xalqına etdiyi zülmləri sübut edərək gələcək nəsillərə ötürməkdə kömək olur.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, ən çətin və pis xasiyyətimiz unutqanlığımızdır. "Biz birlikdə güclüyük və fərd olaraq vətənə verəcəyimiz xidmətlər əvəzsizdir. Biz möhkəm olmasaq, Xocalını unutmalı olacağıq. 10 min elektron ünvana 3 dildə çağırış göndərmişik", - deyə rəis R.Abbasov əlavə edib.

Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Tədbirin sonunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə