Aydın Mirzəzadə: "Ermənistanın apardığı siyasət gələcəkdə bu ölkənin bir dövlət kimi silinməsinə gətirib çıxara bilər" - MÜSAHİBƏ (SƏSTV)
Millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi:
- Mart ayında Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəyi dəyişəcək?
- Prezidentlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşləri buna qədər aparılan çox böyük və gərgin hazırlıq işindən sonra mümkün olub. Xarici işlər nazirlərinin görüşü və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya və İrəvana səfərindən və müəyyən nəticələr əldə olunduqdan sonra artıq prezidentlərin görüşünün təşkili ilə bağlı təklif irəli sürülüb. Bu baxımdan müəyyən razılaşmaların müzakirə ediləcəyini danışmaq olar. İkinci olaraq cəmiyyətin diqqətini cəlb edən məsələ görüşlərin Rusiya prezidentinin iştirakı ilə keçirilməsidir. Azərbaycan bu təşəbbüsə çox maraqla baxır.
2001-ci ildə Corc Buşun, daha sonra Fransa prezidentinin iştirakı ilə görüşlər olub. Bu praktika onu göstərir ki, Minsk qrupu həmsədrləri rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə müəyyən nəticələr əldə etmək olur. Rusiya regiona qonşu ölkədir və problemin həllində maraqlı tərəf kimi çıxış edir. Ümid etmək olar ki, martın 5-də keçiriləcək görüşdən müəyyən nəticələr əldə etmək olar. Amma bununla yanaşı reallıq budur ki, Ermənistan bir qayda olaraq ya danışıqlar prosesindən qaçır, ya da əldə olunan nəticədən imtina edir. Bu əlbəttə ki, prosesi ağırlaşdırır və müəyyən problemlər yaradır. Lakin bir şeyi bilmək lazımdır ki, bu cür addımlar Azərbaycandan çox Ermənistanın özünə ziyan vurur.
Ermənistanın əhalisi çıxıb gedir. 1991-ci ildə Ermənistanda 4 milyon, Azərbaycanda 6 milyon əhali yaşayırdı. İndi isə Azərbaycanda 9 milyon, Ermənistanda isə 2.5 milyon əhali yaşayır. Yəni, Ermənistanın apardığı siyasət əhalinin köçüb getməsinə, onun iqtisadi, siyasi, hərbi qüdrətinin azalmasına, ən əsası isə gələcəkdə Ermənistanın bir dövlət kimi silinməsinə gətirib çıxara bilər. Danışıqlar vaxtının elan edilməsi, müəyyən hazırlıq işlərinin aparılması həmin görüşlərdə müəyyən nəticələrin əldə ediləcəyi ümidini yaradır. Buna baxmayaraq optimist olmayaq, nəticələri gözləyək və Ermənistan birmənalı olaraq bilsin ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq fikrində deyil. Bu gün bütün variantlarda Azərbaycan tərəfindən Ermənistana təzyiqlər edilir və Ermənistan torpaqlardan əl çəkməyincə ölkəmiz tərəfindən bütün sahələr üzrə daim zərbələr alacaq.
- ABŞ Dövlət katibinin müavinlərinin bölgəyə səfəri nədən xəbərə verir?
- Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin bir daha analiz edilməsi, ortada olan məsələlərin müzakirəsi üçün nəzərdə tutulub. Bu səfəri Tək Dağlıq Qarabağla bağlamaq olmaz. Azərbaycan bu gün tək ABŞ üçün deyil, dünyanın digər dövlətləri üçün çox maraqlı və cəlbedici bir ölkədir. Çünki nüfuzu, qüdrətlənən iqtisadiyyatı var və regionda liderlik edir. Bu baxımdan səfər ABŞ-la Azərbaycan arasında məsləhətləşmələr aparmaq məqsədi daşıyır. İkincisi, əlbəttə ki, burada Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək. Ola bilsin ki, ABŞ bu gün Rusiyanın mövcud məsələdə təşəbbüskar olması, onun həll edilməsinin Rusiya tərəfindən olması, onun həll edilməsinin Rusiya tərəfindən olması fikrinin dünya ictimaiyyətinə çatdırılması ABŞ tərəfindən bir qədər qısqanclıqla qarşılanır. ABŞ bu gün təşəbbüsü müəyyən qədər öz tərəfinə yönəltməyə çalışır. Əgər bu məsələdə problemin həllinə hər hansı bir təsir göstərə bilərsə, Azərbaycan ona minnətdardır. Hər halda ABŞ dövlət katibinin müavinin regiona, konkret olaraq Azərbaycana səfəri ABŞ-ın Azərbaycan faktoruna diqqət etməsini göstərir.
- ABŞ Ermənistana hərbi yardımını azaldıb, Azərbaycana isə çoxaldıb. Bununla ABŞ nə demək istəyir?
- Əslində həmin yardım çox deyil. Söhbət 20-50 min dollardan gedir. Bu məbləğ isə 2-3 təyyarənin və ya 3 tankın qiymətidir. Amma o yardıma Ermənistanın daha çox ehtiyacı var. Çünki Ermənistan iqtisadiyyatı bu gün güclü ordu saxlamağa imkan vermir. Ermənistan büdcəsi ötən il 347 milyon dollar idi, bu il isə 40 milyon artıraraq 387 milyona çatıb. Azərbaycanın isə hərbi büdcəsi ötən il 2.2 milyard dollar idi, cari il isə bu rəqəm 3.2 milyard dollardır. Yəni, Ermənistanla Azərbaycanın hərbi büdcələri arasındakı fərq 8 dəfəyə qalxıb. Bu məsələ Ermənistan parlamentində ciddi müzakirəyə səbəb olub. Azərbaycana ABŞ tərəfindən edilən hərbi yardıma Azərbaycanın ehtiyacı yoxdur. Dost kimi yardım edilirsə, əlbəttə, bu qəbul ediləcək. Amma bu Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə elə də böyük rəqəm deyil.
- İranın Azərbaycaın daxili işlərinə müdaxilə etməsi nə dərəcədə düzgündür?
- Bunun kökündə bir məsələ var. İranın müəyyən dairələri Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. Onlar hələ də XV-XVIII əsr ab-havası ilə yaşayırlar. Azərbaycan yüz il bundan əvvəl müstəqilliyini qəbul edib, sonradan bunu yenidən bərpa edib. Bu baxımdan İran və onun bütün dairələri Azərbaycanın müstəqilliyini tanımalı və hörmətlə yanaşmalıdırlar. Eyni zamanda, müəyyən dairələr Azərbaycanı müstəqillikdən məhrum etməsə də ölkəmizi siyasi-dini təsir altına salmaq istəyirlər. Bu baxımdan vaxtaşırı onların müəyyən xadimlərinin Azərbaycanın daxili işinə qarışacaq bəyanatlarını eşidirik. Hesab edirəm ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. Onda gərək Azərbaycanda onun daxili işlərinə qarışsın. İran İslam Respublikası müstəqil elan olunsa da orada olan erməni icmasına alkoqol içkilər istehsal etməyə və içməyə icazə verilir. Əgər islam respublikasıdırsa, bu bütün vətəndaşlara aiddir. Bir də razı deyilik ki, xalq prezident seçkilərində əhaliyə qarşı böyük güc tətbiq edir. Hesab edirik ki, bu İran İslam Respublikasına ziddir. Biz də razı deyilik ki, İranda insanlar daş qalaq edilmək və ya asılmaqla cəzalandırılır. Bu ölkənin həyatında çox məqamlar tapıb öz narazıçılığımızı bildirə bilərik, amma bununla qonşuluq, mehribançılıq olacaqmı? Hər bir ölkənin öz problemlərini həll etmək hüququ var. Azərbaycanın da əgər müəyyən problemləri varsa, bunu həll edirik və edəcəyik. 20 il müddətində Azərbaycan büdcəsini 300 milyon dollardan 15 milyard dollara çatdırdıq, 50 dəfə büdcəni qaldırdıq.1993-cı illərdə Azərbaycanın valyuta ehtiyatı sıfıra bərabər idi. Amma bu gün 31 milyard dollar Azərbaycanın valyuta ehtiyatı var. Kiçik bir ölkənin 65 ölkədə səfirlikləri fəaliyyət göstərir, hətta Avropa ölkələri bu sayda səfirliklər saxlaya bilmirlər. Bütün bunlar ölkəmizin həyata keçirdiyi siyasət nəticəsində keçirilir. Hazırda Azərbaycanın idman və mədəniyyəti dünya səviyyəsində tanınır. "Eurovision" mahnı müsabiqəsində 3 dəfə Azərbaycanın onluğa düşməsi, hətta bir dəfə 3-lüyə düşməsi Azərbaycan reallığının dünya tərəfindən qəbul edilməsi deyilmi? Bu baxımdan İranın bəzi dairələrinin özünü hakim kimi aparması yolverilməzdir və bu hər dəfə Azərbaycan tərəfindən ciddi etirazlarla qarşılaşacaq.
- İran bir tərəfdən ATƏT-in Minsk qrupuna daxil olub Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərmək istəyir, digər tərəfdən isə Ermənistanla iqtisadi əməkdaşlıq edir. Bunu necə izah etmək olar?
- Bunun özü də Azərbaycan İran münasibətlərindəki qeyri-müəyyənlikdən xəbər verir. İran Azərbaycanın İslam Respublikası kimi həmrəyliyini bildirir, İslam ölkələri konfrasında Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir, bəyanatlar verir. Digər tərəfdən isə Ermənistana yanacaq materialları verir, hərbi yardımlar edir. Bunu necə başa düşmək olar? Bunun özü İranın bölgədə ikili siyasət yeritdiyini sübut edir. Təəssüf edirik ki, Azərbaycanla dost, qardaş ölkə torpaqlarımızı işğal edən bir ölkə ilə dostluq münasibətindədir. Bu münasibətlər İrana xeyrdən çox, Azərbaycana ziyan vurur, güclü problemlər yaradır. Nədən bizim düşmənimizlə belə mehribansınız? Nədən Xocalı faciəsində əli olan Ermənistanın müdafiə naziri Ohanyanı bağrınıza basaraq qəbul edirsiniz? Bu suallar var və mənə elə gəlir ki bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdır.
- Ölkədə aparılan korrupsiyaya qarşı mübarizə ilə bağlı nə deyə bilərsiniz?
- Ölkədə aparılan korrupsiya ilə mübarizədə bir müddətli deyil. Hazırda gedən proses kampaniya deyil, bu əvvəldən gedən bir işin növbəti mərhələsidir. Bu gün dövlət qulluğuna işə qəbul test formasında həyata keçirilir və bu da korrupsiyanın qarşısını alır. Qərar qəbul edən qurumlarda çalışan insanların maaşları qaldırılır. Onların qərar qəbul etməsi səlahiyyəti kifayət qədər dəqiq tənzimlənib. Bütün bunlar korrupsiya ilə mübarizə məqsədi daşımırmı? Eyni zamanda, azad mətbuatın bu məsələdə çox böyük rolu var. Bütün bu proseslərin KİV vasitəsilə açıq şəkildə işıqlandırılması korrupsiya ilə mübarizədə mühüm nəticələr əldə etməyə imkan verir. Korrupsiya cəmiyyətin sosial ağır yeridir. Buna qarşı həmişə açıq mübarizə aparmaq lazımdır.
- Bir neçə gün bundan qabaq orduda baş verməsi müharibə şəraitində olan bir ölkə üçün hansı nəticələr verə bilər?
- Bir şeyi bilmək lazımdır ki, Azərbaycan ordusu sıfırdan başlanıb, digər ölkələrdə isə ordunun illərlə tarixi var. Hərbi hissənin yaradılması, zabitlər üçün evlərin tikilməsi, hərbi texnikanın alınması onun öyrədilməsi, bir sözlə bunların hamısı Azərbaycanda 1990-cı illərin ortasından başlayıb. 15 ildə Azərbaycan heç bir şeyi olmayan ordudan güclü ordu yaradıb. Bir şeyi unutmaq lazım deyil ki, hazırda Azərbaycanda torpaqları işğal etməyə qadır olan ordu var. Azərbaycan ordusu bu gün sadə ordu deyil, döyüşən ordudur. Həmişə düşməndən təxribat gözləyən ordudur. Bu proseslər istər-istəməz orduda psixoloji gərginlik yaradır. Hər bir zabit istənilən vaxt döyüş olacağını, istənilən döyüşə getməyin mümkün olacağını özündə ayırd edir. Bu gün döyüş bölgəsində borcunu şərəflə yerinə yetirən zabitlər var.
Orduda baş verən hadisə ilə bağlı dövlət başçısı Şəmkir korpusunun komandanını vəzifəsindən azad edib. Azərbaycan hərb tarixində ilk dəfə olaraq general öz rütbəsini itirib, palkovnik rütbəsinə enir.
Bunu özü göstərir ki, orduda gedən proseslər Ali Baş Komandan tərəfindən daim diqqətdə saxlanılır. Orduda gedən hər hansı bir problemlərə qarşı tədbirlər görülür. 7 nəfər böyük bir itkidir. Onlar 7 gələcək ailənin başçısı idilər. Çox təəssüf ki, bu hadisə problem olan yerdə ortaya çıxıb. Bunun qarşısının alınması ilə bağlı tədbirlər görülür. Bundan çox ciddi təşkilatlar nəticələr çıxaracaq. Yerində olmayanlar vəzifələrini itirəcək, daha tələbkar olacaq. Hesab edirəm ki, yaxşı işimiz, müsbət nəticələrimizlə yanaşı, çox təəssüf ki, orduda belə hadisələr də olur.
- Ötən gün Milli Məclisdə müdafiə nazirinin hesabat verməsi ilə bağlı təklif irəli sürülüb. Siz bu təkliflə razısınızmı?
- Mən hesab edirəm ki, bu təklif düzgün deyil. Müdafiə naziri ancaq bir nəfərin qarşısında hesabat verə bilər ki, o da Ali Baş Komandandır. Ölkəmizdə güc strukturları dövlət başçısına tabedir. Onun bütün məsuliyyəti, hesabatı Ali Baş Komandana ola bilər. Dünən generalın rütbəsinin götürülməsi onu göstərir ki, bu hesabat olub, həmin hesabata qiymət verilib. O ki qaldı müdafiə nazirinin hesabat verməsinə, bugünki günümüzdə müharibə şəraitində olan bir ölkə üçün yolverilməzdir. Ordunun ünvanına xoşagəlməz fikirlərin səslənməsinə səbəb ola bilər. Biz bir şeyi dərk etməliyik ki, ordu tənqid edilə bilməz, o, sevilə bilər. Əgər zabit korpusu aşağılanacaqsa, artıq dövlətin qüdrəti ola bilməz. Ona görə də biz ordumuzu sevməli, qorumalı, ona dəstək verməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB