Bir qəhrəmanın həyat hekayəsi… - FOTOLAR

Bir qəhrəmanın həyat hekayəsi… - FOTOLAR

Bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi qeyd olunurdu. Qurumun sədri Füzuli Rzaquliyev və təşkilatın üzvləri ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, türk əsgərlərinin abidəsini ziyarət etdilər.

Tədbirin rəsmi hissəsi Abşeron rayon Xırdalan şəhərində keçirildi. İclasda hərbi formada olan qəhrəman bir eloğlumuz diqqətimi cəlb etdi. Onunla həmsöhbət olarkən məlum oldu ki, Həsənəliyev Zülfü Həşim oğlu 19 avqust 1972-ci ildə Zəngilan rayonunun gözəl iqlim şəraitinə malik olan Bartaz kəndində anadan olub.

Həsənəliyev Zülfü Həşim oğlu 1979-cu ildə İsmayıl Sayılov adına Bartaz kənd orta məktəbin I sinfinə qəbul olub, 1990-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 1990-cı il dekabr ayının 15-də hərbi xidmətə çağırılıb. O, Azərbaycanda baş vermiş hadisələrlə bağlı hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında keçib. Zülfü Həsənəliyev Azərbaycan ərazısinin bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, Ağdamda, Şuşada, Laçında, Ağdərədə, Xocalıda, Füzulidə, Naxçıvan Muxtar Respublikasında, bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüşlərdə düşmənə qarşı barışmaz mübarizə aparıb. Ağdam rayonunun Papravənd kəndində düşmənə qarşı gedən döyüşlərdə yaralanıb, müalicə olunduqdan sonra Daxili Qoşunların komandiri Milli Qəhrəman Sahil Məmmədovun və Rövşən Abdullayevin komandanlığı ilə 1992-ci ilin mart ayında Zəngilan rayonunun işğal edilmiş Qazançı, Ağkənd, Seyidlər kəndlərinin işğaldan azad olunmasında iştirak edib, düşmənə qarşı amansız olub. Döyüş yoldaşları ilə birlikdə Ermənistanın Qafan şəhərinə dəfələrlə hücum edərək aeroportun və telestudiyanın partladılmasında Zülfünün xüsusi xidmətləri olub.

l992-ci ilin 29 iyununda döyüş yoldaşları Zakif Abbasov və 10 iyulda Natiq İmanov yaralanır. O, zaman Milli Ordunun sürücüsü Yanvar Şahməmmədovun köməkliyilə yaralılar Zəngilan rayon Mərkəzi xəstəxanasına gətirilir.

Qeyd edim ki, heç bir texnika Qazançı kəndinə girə bilmədiyi vaxtda Şahməmmədov Yanvar Famil oğlu ölümlə üzbəüz qalırdı. Həmin ağır günlərin birində mərmi partlayışı nəticəsində Sahil Məmmədov yaralandı. Onu döyüş meydanından çıxarmaq müşkül işə çevrildi. Lakin onun döyüş dostları və Milli Ordunun cəsur sürücüsü, Yanvar Şahməmmədovla o, düşmənin nəzarəti olan sahədən çıxarılıb Zəngilan rayon Mərkəzi Xəstəxanasına gətirilir. Oradan Bakı şəhərinə göndərilir. Sahil Məmmədovu xəstəxanada qoyub, döyüş mövqeyinə qayıdan Zülfü Həsənəliyev elə həmin gün mərmi partlayışı nəticəsində başından və ayaqlarından yaralanır. O da Zəngilan şəhər Mərkəzi xəstəxanasına gətirilir. Üç gündən sonra Zülfü Bakı şəhərinə Daxili İşlər Nazirliyinin xəstəxanasına göndərilir. Orada müalicəni başa vuran Zülfü Həsənəliyev sonrada Daxili İşlər Nazirliyi orqanlarına işə qəbul olunur. O, Zəngilan rayon Polis idarəsinin əməkdaşı kimi fəaliyyətə başlayır.

Orta məktəbin yuxarı siniflərində oxuyarkən İbtidai Hərbi Hazırlıq müəllimi Barxudar Şıxəliyev ona hərbi texnikanın bütün sirlərini öyrətmişdi. O, vətəni necə sevməyi, silah-sursatdan necə istifadə etmək vərdişlərini də həmin vaxtdan öyrənmişdi. Onu

Sevindirən bir məqam da o idi ki, ona dərs demiş, onu həyata hazırlamış müəllimi Barxudar Şıxəliyevlə birlikdə polis sıralarında işləyəcəkdi və erməni quldurlarına qarşı vuruşlarda onunla birgə olacaqdı. Onlar Zəngilanın alınmış 7 kəndinin ermənilərdən geri qaytarılmasında iştirak edirlər. Kilsə kəndində Barxudar Şıxəliyev öz həyatını təhlükəyə ataraq düşmənin uzunmüddətli atəş nöqtəsini susdurmaqla Zəngilan rayon polis şöbəsinin bir qrup əməkdaşını və Zülfünü xilas edir və sonra özü yaralanır. Kilsə kəndinin alınmasında iştirak etmiş, igidlik göstərmiş Barxudar Şıxəliyev həmişə şagirdi Zülfünü nəzarətdə saxlamış, onu təhlükələrdən qorumuşdur.

Z.Həsənəliyev polis şöbəsində rəis müavini işləyən Sərdar Məmmədovun rəhbərliyi altında Sayıflı kəndinin erməni işğalından təmizlənməsində də iştirak edib. O, ermənilərin 7 kəndinin - Hənd, Şıxavuz, Kilsə və başqa kəndlərin alınmasında da iştirakçı olur. Kilsə kəndinin alınmasında erməni zabitini tutaraq onun cibinə F-l qumbarası qoyub partlatmışdır. Xeyli hərbi sursat əldə edərək Zəngilan rayonunun Milli Ordusuna təhvil vermişdir.

Zülfü sonrakı döyüşlərin birində - Kollu kəndi uğrunda gedən döyüşlərdə yenidən yaralanır…

Zəngilanda çəkilən bu qədər zəhmətlər isə nəticəsiz qaldı. Rayon işğal olunduqdan sonra Zəngilan polisi Füzuli rayonunun Balabəhmənli kəndində yerləşdirildi. Qoradiz qəsəbəsinin və bir neçə kəndin alınmasında Zəngilan Polis işçiləri, o cümlədən Bərxudar da Zülfü də iştirak etmişlər. Lələtəpə yüksəkliyinin alınmasında gedən döyüşlərdə mərmi partlayışı nəticəsində Zülfü yenidən başından və bir neçə yerindən yaralanır. Onu Daxili İşlər Nazirliyinin hospitalına gətirirlər. Orada müalicə aldıqdan sonra həkim komissiyası Zülfüyə II qrup Qarabağ müharibəsi əlili statusunu verir.

Z.Həsənəliyev 2008-ci ildə Səudiyyə Ərəbistanında - Məkkə və Mədinədə ziyarətdə olub.

Onunla söhbət zamanı bizə bir neçə başına gələn hadisələrdən də danışdı:

- 1992-ci ilin mart ayında ermənilər Zəngilan rayonunun Qazançı kəndinə hücum etmək istəyirdilər. Onlar Qazançı və ətraf kəndləri top və minamyotlarla güclü atəşə tutdular. Mən pulemyotun sandığını təzəcə dəyişmək istəyirdim ki, güclü bir partlayış qopdu. Havanı qara tüstü bürüdü. Qəflətən qarşıma iki erməni çıxdı. Onlar məni görən kimi silahlarını yerə atdılar, dizi üstə yerə çökdülər: "Bizi öldürmə qadan alım! " - ermənilərdən biri üz-gözünü torpağa sürtərək yalvarmağa başladı. Bir az irəli gəlib, onların başı üstündə dayandım. "Sizi bura kim göndərib və burada nə gəzirsiniz?" onlar dedi ki, yolu azmışıq. Yaxşı yolu azmısınızsa onda - al, deyib, avtomatı erməninin sinəsinə dirəyib atəş açdım. Ölmüş ermənini sağ qalmış erməninin çiyninə qoyub, dedim: - götür dostunu da, bir də ayağın bura dəyməsin.

İkinci hadisə isə 3 iyun l992-ci il Zəngilan rayonunun Qazançı kəndində olub. İyunun 2-nə keçən gecə bizim çox ağr döyüşümüz oldu. Həmin hücum barədə bir gün əvvəl kəşfiyyat zamanı məlumat almışdıq. Ancaq bizə demişdilər ki, ermənilər atəş açmayacaqlar, sizdə atəş açmayın. O, vaxt mən Daxili İşlər Nazirliyinin Daxili Qoşununda xidmət edirdim. Komandirimiz də Sahil Məmmədov idi.

Təəssüf ki, ermənilər təxminən saat 9 radələrində hücuma başladılar. Bütün bölmələr dərhal döyüş mövqelərini tutdular. Bir saatdan sonra aydın oldu ki, ermənilər bütün sərhəd boyu güclü hücuma keçmişlər. Onlar yüksəklikdə yerləşən mövqeyimizi ələ keçirmək istəyirdilər. Döyüş getdikcə qızışırdı. Gecə saat 1-dək davam etdi. Basqınçılar 20 nəfərədək itki verərək geri çəkildilər. Bilirdik ki, yaxın vaxtlarda hücuma keçəcəklər. Çünki onlar çoxlu sayda itki vermişdilər.

Onsuz da onlar hər gün, sərhədboyu kəndlərimizi - Qazançı, Dərəli, Günqışlaq, Canbar kəndlərini top və iri çaplı silahlardan atəşə tuturdular. Bu atəşlərə görə də komandirimiz Sahil Məmmədovla birlikdə 20 nəfərlik bir dəstə ilə kəşfiyyata getməyi qərara aldıq. İyunun 3-də səhər alaqaranlıqda ermənilərin Çəkətin kəndinə tərəf yollandıq. Kəndin yuxarı hissəsindəki yüksəklikdə güclü mövqe tutduqları barədə məlumat vardı.

...Təxminən 30 metrlik məsafədən döyüşə başladıq. Qumbaraatanla bir neçə erməni məhv etdik. Mağaraya atdığımız |ikinci qumbaradan sonra hələ də mağarada qışqırıq, bağırtı səsi eşidilirdi. Üçüncü atəşdən sonra səs tamam kəsildi. Bizdən bir nəfərin də burnu qanamadı. Ümumiyyətlə Qazançı kəndinin taleyinə heç sakitlik düşmürdü. Kənddən əhalini atəş mövqeyindən çıxararkən düşmənin atdığı mərmi bizim yanımızda partladi. Komandirimiz Sahil Məmmədov yerə yıxıldı. O, nə qədər çalışdı ki, ayağa dursun, dura bilmədi. Mən və əsgər yoldaşım Natiq İmanov və Zakif Abbasov ona yaxınlaşdıq. Artıq gec idi. Sahil Məmmədov bir ayağını itirmişdi. Onu döyüş nöqtəsindən çıxarmaq üçün çətinlik çəkdik. Çünki, düşmən bizi açıq-aşkar görürdü. Onu yerlə sürütləyib sürücü Yanvar Şəhməmmədovun maşınına qoyub (xatırladım ki, Yanvar Şahməmmədov 10 sentyabr 1992-ci ildə şəhid olmuşdur – M.M.) rayon Mərkəzi xəstəxanasına apardıq. Üç gün rayon Mərkəzi xəstəxanasında qaldıqdan sonra onu Daxili İşlər Nazirliyinin xəstəxanasına apardılar. Hal-hazırda yaşayır və "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Biz onunla həmişə fəxr edirik. Fəxr edirik ona görə ki, əsgərlərin Sahil Məmmədov kimi "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq oğlu vardır.

Bu hadisədən sonra üç gün döyüş getdi. Mən də ayağımdan və başımdan zədə aldım. Daxili İşlər Nazirliyinin xəstəxanasına gətirdilər. Müalicə olunduqdan sonra Zəngilan rayon polis şöbəsinə işə girdim.

1994-cü ilin yanvarın 24-də Ulu öndərimiz, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa müraciətindən sonra cəbhə bölgəsinə yola düşənlərdən biri də, Zəngilan rayon Polis şöbəsinin işçiləri oldu. Şöbənin rəisi Səhiyyəddin Səfərov başda olmaqla Füzuli bölgəsinə yollandıq. İlk döyüşümüz Balabəhmənli kəndi oldu. Sonra Horadiz qəsəbəsinə qədər gəlib çatdıq. Bu döyüşlərdə Zəngilan rayon polisinin böyük əməyi olmuşdur.

Qeyd etmək lazımdır ki, Hacı Zülfü Həsənəliyevin qəhəmanlığı haqqında bir çox kitablarda və nəşrlərdə yazılar yazılıb. Eyni zamanda o dövlətimiz tərəfindən bir çox Fəxri fərmanlara layiq görülüb. Zülfü II qrup əlil olmasına baxmayaraq Ali Baş Komandanın əmrini gözləyir. Hər zaman döyüşə getməyə hazırdır…

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə