Şahlar Əsgərov: “Bu gün elmi inkişaf etdirmək üçün kadr potensialı olmalı və gənc alimlər yetişməlidir”-Münasibət

Şahlar Əsgərov: “Bu gün elmi inkişaf etdirmək üçün kadr potensialı olmalı və gənc alimlər yetişməlidir”-Münasibət
Bu gün elmi müzakirələrin aparılması deməyə əsas verir ki, Azərbaycanda elm yaşayır və inkişaf etməkdədir. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, təhsil eksperti Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, bu sahədə ciddi, qaynar müzakirələrin getməsi onu göstərir ki, elmin inkişafı yaxşı səviyyədədir. Bu gün humanitar sahələrin yaxşı inkişaf etdiyini deyən Ş.Əsgərov vurğulayıb ki, dəqiq elmlərdə bir az kadr çatışmazlığı var. Bunun da tezliklə düzələcəyini deyən ekspert qeyd edib ki, hazırda dəqiq elmlər üzrə də qaynar müzakirələr aparılır, müxtəlif məsələlər müzakirə olunur.

O bildirib ki, zəif inkişaf edən elm sahələrini inkişaf etdirmək üçün kadr təminatına diqqəti artırmaq lazımdır: "Bu gün elmi inkişaf etdirmək üçün kadr potensialı olmalı və gənc alimlər yetişməlidir. Hazırda ölkədə gənc alimlərin yetişməsinə çox böyük ehtiyac var. Alimin məvacibi, cəmiyyətdəki statusu da bunlara təsir edir. Bu gün cəmiyyətdə beşinci dərəcəli şair tanınır, birinci dərəcəli alim tanınmır. Ən böyük problem də budur. Cəmiyyət, mətbuat beşinci dərəcəli şairə daha çox diqqət göstərir, nəinki birinci dərəcəli alimə. Alim cəmiyyətin diqqət mərkəzinə gətirilməlidir. Elmi işlərin müzakirəsi gündəmdə olmalı və cəmiyyət də bilməlidir ki, akademiyanın institutları nə işlərlə məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə