Vüqar Səfərli: "Ölkə rəhbərliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində lazım olan hər cür dəstəyi verir" - AÇIQLAMA
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə mətbuat nümayəndələri və Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakultəsinin tələbələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, KİVDF-in rəhbəri Vüqar Səfərli və bir sıra KİV təmsilçiləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd isə tələbələrin universiteti bitirdikdən sonra üzləşə biləcəyi çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi olub.
Tədbiri giriş sözləri ilə açan BDU-nun jurnalistika fakultəsinin dekanı Yalçın Əlizadə bildirib ki, təşkil olunan tədbir tələbələr üçün çox böyük önəm daşıyır. Onun sözlərinə görə, tələbələr diplom aldıqdan sonra iş tapmaq, peşəkarlığını artırmaq kimi bir sıra məsələlərdə müxtəlif çətinliklərlə qarşılaşırlar. Belə olduqda isə universitetdə yetişdirilmiş kadrlar heç bir fəaliyyət göstərə bilmirlər.
Daha sonra çıxış edən KİVDF-in rəhbəri Vüqar Səfərli isə görüşün məqsədləri haqda danışaraq gənc istedadlara dəstək olmağa hazır olduqlarını bildirib: "Bu görüşün əsas məqsədi gənc jurnalistlərin peşəkarlığının artırılmasına və universiteti bitirdikdən sonra iş tapmalarına kömək olmaqdır. Bu məqsədlə də biz, universitetin təyin etdiyi tələbələrin siyahısını qəzet redaksiyalarına təhvil verəcəyik və daha sonra redaksiyalarda bu gənclər üçün hər cür şərait yaradılacaq. Təcrübə müddətində özünü doğruldan tələbələr isə işlə təmin ediləcəklər. Amma hər halda nəzərə almaq lazımdır ki, tələbələrin təhsil müddətində yaxşı yetişdirilməsi də bu məsələdə çox önəmli rol oynayır. Yəni, təcrübə müddətində kadr yetişdirilmir, yetişmiş kadrların istedadlarını nümayiş etdirmələri üçün şərait yaradılır". Jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması məqsədilə də bir sıra müsabiqələr keçirildiyini deyən Vüqar Səfərli vurğulayıb ki, ölkə rəhbərliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində lazım olan hər cür dəstəyi verir.
Bütün bunlardan sonra, qurumun rəhbəri onu da qeyd edib ki, jurnalistika fakultəsinə qəbul zamanı test imtahanı ilə yanaşı, qabiliyyət imtahanlarının verilməsi də zəruri hesab edilir və bu barədə respublika prezidentinə təklif irəli sürülüb.
Daha sonra çıxış edən Əflatun Amaşov da tədbirin mahiyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, bu görüş jurnalistlərin inkişaf etməsində önəmli rol oynayacaq: "Bu layihəni yüksək qiymətləndirirəm. Ən azından tələbələr iş qazanmaq şansı əldə edəcəklər. Ona görə də bu cür dəstək almaq və belə görüşlərin sayını artırmaqda fayda var".
Tədbir fikir mübadilələri əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB