Praqada Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Praqada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib. AZƏRTAC-ın da üzvü olduğu təşkilata Avropanın 32 informasiya agentliyi daxildir. Assambleyada təşkilatın illik maliyyə və texniki hesabatları qəbul edilib.

Toplantıda təşkilatın İdarə Heyətinin iki boş üzvü yerinə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə əsasən, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal və Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasnigi İdarə Heyətinin üzvü seçiliblər.

Assambleya iştirakçıları təşkilatın 2020-ci ildə keçiriləcək tədbirlərinin yeri barədə də qərar qəbul ediblər. Belə ki, EANA-nın yaz konfransının FENA agentliyinin təşkilatçılığı ilə Bosniya və Herseqovinada, payız konfransı və Baş Assambleyanın isə Ukrinform agentliyinin təşəbbüsü ilə Ukraynada keçirilməsi planlaşdırılır.

Təşkilatın sədri Piter Kropş Alyansın veb-saytının yenilənməsi, üzv agentliklərin jurnalistləri üçün təlim proqramının başlanması barədə məlumat verib. Tədbirdə EANA Mükəmməllik Mükafatının qalibi olan SDA agentliyinə diplom təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə