Millət vəkili: “Vaxt gələcək, biz ikili standartlara baxmayaraq Xocalı faciəsini sübuta yetirib, qəbul etdirəcəyik”

Millət vəkili: “Vaxt gələcək, biz ikili standartlara baxmayaraq Xocalı faciəsini sübuta yetirib, qəbul etdirəcəyik”
"Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciəni törətmək üçün Azərbaycanın müstəqilliyini istəməyən dövlətlər məkirli siyasət, plan qurdular və taleyin bizə qonşu saldığı mənfur ermənilərin alət qismində iştirakı ilə faciə həyata keçirildi". Bu sözləri millət vəkili Bəxtiyar Sadıqov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, o zaman 366-cı Sovet alayının 30 faizi erməniləşdirilmişdi və onlar çox qəddarcasına bu qırğını törədiblər.

Onun sözlərinə görə, Xocalı soyqırımı elə soyqırımlarındandır ki, onu sübut etmək üçün əlimizdə kifayət qədər video, foto çəkiliş, o facəni görən, Xocalıda girov götürülüb erməni girovluğunun dəhşətinin yaşamış insanlar var və onlar bu gün də yaşayırlar.

O, dünyada mövcud olan ikili standartlar şəraitində Xocalı faciəsinin dünya tərəfindən tam qəbul olunmasına nail olmamağımıza təəssüfləndiyini vurğulayıb: "Amma bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər gedir. Əvvəla dövlət başçısı hücum diplomatiyası elan edib. Bir sıra beynəlxalq qurum, təşkilat, hətta bir sıra dövlətlər bunun soyqırımı olduğunu qəbul edirlər. Amma bu yetərli deyil, hələ də bu sahədə diplomatik korpusumuz iş aparır. Ermənilər öz qondarma soyqırımını Türkiyəyə sübut və qəbul etdirmək istəyirlər. Ona görə də Prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və türk diasporalarının birgə fəaliyyət göstərməsi ilə bağlı razılığa gəliblər. Hazırda onlar birgə fəaliyyət göstərirlər, işlər davam edir. Eyni zamanda Azərbaycan mütəmadi olaraq beynəlxalq qurum və təşkilatlarla iş aparır. Bu işlər il ərzində davam edir. Lakin Xocalı faciəsi ərəfəsində bu işlər daha da intensivləşir. Bu da təbiidir".

Açıqlaması zamanı Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Xocalıya Ədalət" Kamapaniyası çərçivəsində həyata keçirilən işlərə də toxunan millət vəkili kampaniyanın geniş şaxəli olduğunu dilə gətirib. O bildirib ki, həmin kampaniya çərçivəsində il ərzində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir, gənclər bu işə cəlb olunurlar.

Xocalı ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açıldığını qeyd edən B. Sadıqov söyləyib ki, artıq Xocalı faciəsinin şahidləri dindirilib, bu faciədə əli olan Koçaryan, Sarkisyan, Ohanyan, Balayan haqqında kifayət qədər faktlar toplanılıb, cinayət işi qaldırılıb: "Zaman gələndə onlar məhkəmə qarşısında cavab verəcəklər. Bütün sahələrdə işlər gedir. Vaxt gələcək, biz ikili standartlara baxmayaraq Xocalı faciəsini sübuta yetirib, qəbul etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə