Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu Xocalı tədbiri keçirib
Fevralın 22-də Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş mərasim keçirib. Baş Konsulluqdan SİA-ya verilən məlumata görə, mərasimdə Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir keçirilən zalda Xocalı faciəsini əks etdirən foto-sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Qarabağ həqiqətləri" və ermənilərin azərbaycanlılara qarşı uzun illər apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş olunub.
Baş konsul Rəşad Məmmədov tədbiri açaraq 19 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım, eləcə də ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı apardığı soyqırım siyasətindən geniş danışıb. Sonra "Dostluq" milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev, Aktau şəhərinin fəxri sakini, soydaşımız Cəmil Həbibov və digərləri çıxış edərək Ermənistan silahlıları tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımı insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər.
Çıxışlardan sonra vitse-konsul Emil Muradzadə iştirakçılara www.justiceforkhocaly.org saytı haqqında məlumat verərək beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın aparıcı ölkələrinin dövlət başçılarına və parlamentlərinə Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınması haqqında saytda keçirilən kampaniyaya qoşulmağın vacibliyini vurğulayıb. Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB