Fermer Ramiz Kərimov dünyada analoqu olmaya yeni üsulla pambıq becərib
Son illər ölkəmizdə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının inkişafına və istehsalına nail olmaq üçün ciddi aqrar islahatlar aparılıb və dövlət proqramları qəbul edilib. Məqsədyönlü işlərin aparılması nəticəsində böyük uğurlar əldə olunub. Belə ki, ölkəmizdə ixrac məhsullarının sırasında kənd təsərrüfatı məhsullarının həcmi artaraq, neft məhsullarının ixrac həcmi ilə bərabərləşib. Xüsusilə də, strateji məhsul olan pambıqçılıq sahəsində qazanılan uğurları qeyd etmək lazımdır. Pambıqçıları daha da həvəsləndirən, əkin sahələrinin genişləndirilməsinə səbəb olan amillərdən biri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələr oldu. Dövlət Proqramın qəbul edilməsində əsas məqsəd pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahədəki problemlərin aradan qaldırılması idi. Bu gün qətiyyətlə və əminliklə demək olar ki, Dövlət Proqramında qarşıya qoyulan vəzifələrə nail olunur. Ölkəmizin 30-a yaxın rayonunda “ağ qızıl” əkini və biçini ilə məşğul olunsa da ötən ilin statistik göstəriciləri, onu deməyə əsas verir ki, ən çox pambıq tədarükü Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonlarında olub. Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub. Bu il də, bol məhsul gözlənilir. Məhsul yığımının gedişi və gözlənilən nəticələri öyrənmək üçüm Saatlı rayonundakı “Nuhəli” fermer təsərrüfatında olduq. Məhsul tədarükünün qızğın vaxtı olsa da, fermer vaxt tapıb, uğurlarını bizimlə bölüşə bildi. N.Kərimov ilk öncə bir mütəxəssis olaraq, bildirdi ki, pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında, yeni sənaye müəssisələrinin, əsasən də, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasında böyük rol oynayır. Bu da, yeni iş yerlərinin açılması deməkdir. Biz fermerlər də, çalışırıq ki, işimiz və əməli fəaliyyətimizlə, dövlətimizə bu məsələlərdə dəstək olaq.
N.Kərimov göz oxşayan barlı-bəhrəli pambıq tarlasını göstərərək bildirdi ki, bu il 36 hektar sahədən 100 tondan çox məhsul yığmağı planlaşdırırlar: “Pambıqçılar üçün vacib amil onun alış qiymətinin artırılmasıdır. Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər tonu üçün 50 manat artırılıb. Dövlət emal müəssisələrinə təhvil verilən pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya da verir. Bu da, bizə imkan verir ki, sahədə çalışan işçilərin günəmuzd əmək haqlarını artıraq”.
N.Kərimov bildirdi ki, dövlətin onlara dəstəyi, xüsusi ilə də, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikası ilə təmin edilmələri işlərini daha geniş şəkildə qurmağa imkan yaradıb: “Nəzərdə tutmuşuq ki, növbəti il daha çox sahədə, pambıq əkək. Eyni zamanda, bələdiyyə torpaqlarını icarəyə götürməklə, digər kənd təsərrüfatı məhsulları da əkməyi planlaşdırırıq. Bütün bunlar yeni işçi qüvvəsi və onların gəlirlərinin də, artması deməkdir. Buna görə, hər zaman xeyirxah, humanist addımları və qərarları ilə bizə dəstək olan ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq edirik”.
Digər fermer Ramiz Kərimov isə dünyada analoqu olmayan pambıq sortunu becərməsindən danışdı. Bildirdi ki, artıq onun yeniliyi AMEA-nın Genetika İnstitutu tərəfindən müsbət dəyərləndirilib. Onun sözlərinə görə, İnstitutun əməkdaşları onun əkdiyi və müsbət nəticələr əldə etdiyi pambıq sahəsində olub və yenilikləri əyani şəkildə görüb, qiymətləndiriblər: “Yeni pambıq sortu fermerlərin əkdiyi ənənəvi pambıq sortundan, bir neçə xüsusiyyətinə görə fərqlənir. Birincisi, əgər Çinin, Türkiyənin, Özbəkistanın və bu kimi digər pambıq istehsalında və tədarükündə, böyük uğurlar əldə etmiş və tanınmış şirkətlər bir hektardan, maksimum halda, 6 ton pambıq yığa bilirlərsə, mənim becərdiyim yeni pambıq sortu hesabına bir hektardan 18 ton pambıq becərmək mümkündür. İkincisi, suya davamlıdır, yəni il ərzində, bir-iki dəfə damcı üsulu ilə sulamaq kifayət edər. Üçüncüsü, insan əməyi minimuma enir. Dördüncüsü isə, keyfiyyətli və yağlıdır”.
R.Kərimov yeni növ pambıq becərməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət qurumlarına müraciət etdiyini, ancaq hələ ki, bir dəstək ala bilmədiyini də, qeyd etdi. Bildirdi ki, əgər dövlət bu məsələdə ona maddi və mənəvi dəstək olarsa, Azərbaycan dünyanın ən tanınmış, pambıq tədarük edən ölkəsinə çevrilər ki, bundan da, neftdən gələn gəlirdən çox valyuta axını təmin olunar.
“Azərbaycan fermeri” qəzetinin müxbiri Ağaverdi Şəmmədov deyir ki, o, tez-tez bölgələrdə kənd təsərrüfatı sahələrində, olub fermerlərlə görüşlər, söhbətlər aparır, ümumi fikir ondan ibarətdir ki, bu il də bol və keyfiyyətli pambıq yığımı gözlənilir: “Pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi məhsul istehsalının kəskin artmasına səbəb olub. Bu da, yeni iş yerlərinin yaradılmasına səbəb olmaqla, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə gətirib çıxarır”.
A.Şəmmədov bildirdi ki, fermer Ramiz Kərimovun becərdiyi yeni sort pambıq pambıqçılığın inkişafına mühüm töhfələr vermiş olacaq: “Araşdırmalar aparıb, dünyanın əksər pambıq tədarük edən, xarici ölkə şirkətlərinin iş fəaliyyətləri ilə tanış olmuşam. Əminliklə deyə bilərəm ki, Ramiz Kərimovun becərdiyi yeni sort pambıq dünyada analoqu olmayan, yeni pambıq sortudur. Bu yenilik, pambıqçılara bol məhsul əldə etmələrinə imkan verəcək ki, bu da, ölkəmizə böyük məbləğdə, valyuta axını deməkdir”.
“Nuhəli” kəndli fermer təsərrüfatında işləyən pambıqçılarda işlərindən və onlara göstərilən müsbət münasibətdən razılıq etdilər.
Səmən Dövrüşova deyir ki, “Nuhəli” kəndli fermer təsərrüfatında çalışmaqla, maddi durumlarının yaxşılaşdırılmasının imkanını qazanıblar: “Hər gün Nuhəli müəllimin ayırdığı, “Qazel” avtomaşını, bizi sahəyə gətirir və axşam da evlərimizə aparır. Burada çalışmaq və işləmək xoşdur. Bilirəm ki, Nuhəli müəllim vaxtlı-vaxtında maaşlarımızı verəcək, buna görə, ona sağ ol deyirəm”.
Başqa bir pambıqçı Nəzakət Bədəlova da pambıq sahəsində çalışmasından razılığını bildirib. Onun sözlərinə görə, evdə oturmaqdansa, “Nuhəli” kəndli fermer təsərrüfatında gəlib işləmək, onda daha çox məmnunluq yaradır: “İşləməklə həm sağlamlığımı qoruyuram, həm də, evimə qazanc aparıram. Hər gün 12-15 manat maaş alıram ki, bu da məni tam qane edir”.
Pambıq yığımında fəallığı ilə seçilən Əfsanə bildirdi ki, o, hər gün 180-200 kiloqram pambıq yığır və işini də çox sevir: “Nuhəli müəllim sağ olsun ki, işçilərə hörmətlə yanaşır, onların hansısa çətinliklə üzləşməmələrinə çalışır. Maaşımdan narazılığım yoxdur. Hər gün, 15 manat maaş alıram ki, bu da, evimə və ailəmə maddi dəstək deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB