Bu gün Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıqdan danışıb, qurumun 70 illiyi münasibətilə təbrikini ifadə edib. Nazir ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək bu sahədə tədbirlərin Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini vurğulayıb.
Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanlarının yaradılması, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, yeni ixtisaslaşmış kommersiya məhkəmələrinin yaradılması, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.
Ölkəmizə səfərindən xoş təəssüratını bölüşən X.Cakoumoulos Avropa Şurasının Azərbaycanla hələ üzv olmamışdan əvvəl əməkdaşlıq münasibətlərinin qurulduğunu, bu əlaqələrin inkişafında Ədliyyə Nazirliyinin əsas tərəfdaşlardan olduğunu vurğulayıb. O, nazirliklə hüquqşünasların tədrisi, o cümlədən insan hüquqları üzrə təlimçilərin hazırlanması sahəsində birgə həyata keçirilən layihələrin çox yaxşı nəticələr verdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB