"Təzəpir" məscidində ənənəvi qanvermə aksiyası keçirilib - VİDEO-FOTOLAR

"Təzəpir" məscidində ənənəvi qanvermə aksiyası keçirilib - VİDEO-FOTOLAR

Allahşükür Paşazadə: ""Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb"

Aşura günü ilə əlaqədar Təzəpir məscidində ənənəvi qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada çoxsaylı vətəndaşlar iştirak edərək, bu nəcib əməldə öz töhfələrini verib, qanvermə aksiyasında fəallıq göstəriblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də qanvermə aksiyasına qoşulublar.

QMİ-nin sədri aksiyanın keçirilməsi ilə bağlı bildirib ki, illər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır. O qeyd edib ki, sonrakı dövrlərdə bəzi təsirlər nəticəsində zəncirvurma, başyarma, qançıxarma halları olurdu və bəyənilmirdi: "Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası olsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".

Şeyxülislam həmçinin bildirib ki, hazırda Azərbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir. "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı verirəm", deyə Allahşükür Paşazadə sonda vurğulayıb.

Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə