Vüqar Bayramov: "Azərbaycan ÜTT-yə ölkəmizə maraqlı olan şərtlər əsasında daxil olmalıdır" - MÜSAHİBƏ

Vüqar Bayramov: "Azərbaycan ÜTT-yə ölkəmizə maraqlı olan şərtlər əsasında daxil olmalıdır" - MÜSAHİBƏ

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya müsahibəsi:
- Korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən işləri necə şərh edə bilərsiniz?

- Ölkəmizdə korrupsiya ilə bağlı mübarizənin genişləndirilməsi və onun bütün sektorları əhatə etməsi yüksək qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, indiyədək Azərbaycanda məhz korrupsiya ilə bağlı bu miqyas, bu səviyyədə, eyni zamanda bütövlükdə bütün iqtisadiyyatı, həm də bütün sektorları əhatə edən mübarizə aparılmayıb. Bu baxımdan da korrupsiyaya qarşı indiki mübarizə əvvəlki mübarizədən tamamilə fərqlənir. Respublikada korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsi onu göstərir ki, ölkə prezidentinin korrupsiya ilə mübarizə ilə bağlı siyasi iradəsi var.

Adi vətəndaşlar bu mübarizənin bəhrəsini görürlər, yaxın vaxtlarda onun səmərəsi, effekti daha da güclənəcək. Ona görə də bu proses yüksək qiymətləndirilməlidir. Korrupsiya ilə bağlı mübarizə iqtisadiyyatın inkişafına mane olan, onu əngəlləyən əsas amillərdən biridir. O təkcə adi vətəndaşlara deyil, bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı artıq konkret bəhrələr var. Prosesin gücləndirilməsi əvvəla iqtisadiyyatda rəqabət mühitinin genişlənməsinə, sahibkarlıq mühitinin inkişafına stimul verəcək. Proses eyni zamanda adi vətəndaşların korrupsiyasız cəmiyyətdə öz sosial hüquqlarını asanlıqla müdafiə etməsi, rüşvət və korrupsiya vermədən hər hansı işə daxil olması, öz imkanlarından istifadə etməsi üçün şərait yaradacaq. Bu baxımdan mübarizə təkcə iqtisadi xarakter daşımır, onun sosial tərəfləri də var. Korrupsiyaya qarşı mübarizə adi vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanan tədbirlər paketidir. Bu prosesdən, islahatdan udan tərəf yalnız vətəndaş olmayacaq, həmçinin məmurlar, dövlət qurumlarında çalışan insanlar da anti-korrupsiya tədbirlərindən udacaq, onun xeyrini hiss edəcəklər. Çünki anti-korrupsiya tədbirləri insanların əmək haqlarının artırılması üçün maliyyə bazası yaradır ki, bu da müxtəlif dövlət qurumlarında çalışanların maaşlarını artıracaq. Bu proses həm də ölkə məmurlarının hörmətini artıracaq. Dövlət qurumlarında çalışanlar daha çox sosial öhdəçiliklərə malik olacaq, onların sosial təminatı daha da yaxşı olacaq.


- Bir iqtisadçı kimi bu proseslə bağlı hər hansı bir təklifiniz varmı?


İqtisadi və Sosial İnkişaf Mərkəzində anti-korrupsiyaya qarşı mübarizə ilə bağlı təkliflər paketi hazırlanıb. Biz yaxın günlərdə həmin paketi yaradıcı qurumlara və ictimaiyyətə təqdim edəcəyik. Biz bu mübarizənin davamlı olmasını, Azərbaycanda korrupsiyasız cəmiyyətin formalaşması üçün müxtəlif islahatların aparılmasını təklif edirik. Buraya struktur islahatları daxildir ki, həmin islahatlara bir sıra bir-birini tamamlayan dövlət qurumlarının ləğv edilərək birləşdirilməsi, eyni zamanda bazarda rəqabətin müdafiə edilməsi ilə yeni qurumun yaradılması, bəzi dövlət qurumlarının ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinə verilməsi nəzərdə tutulub.

Bundan əlavə bizim təkliflər paketində İİN-nin yanında Antiinhisar departamenti ayrıca dövlət qurumu kimi rəqabətin müdafiə agentliyi kimi fəaliyyət göstərsin. Biz həmçinin məmurların müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsi, onların əmək haqlarının artırılması ilə bağlı bazanın formalaşması və digər sosial məsələlərlə əlaqədar təkliflər irəli sürürük.

Bundan əlavə bizim təkliflərə Elektron hökümətin inkişafı, formalaşması da daxildir. Biz düşünürük ki, elektron hökumətin formalaşması ilə bağlı aparılan islahatlar sürətlənərsə bu, məhz korrupsiyanın kəskin azalmasına gətirib çıxara bilər. Çünki elektron islahatlar vətəndaşlarla məmurların ünsiyyətini aradan qaldırır. Nəzərə alsaq ki, bu sahə ölkəmizdə əsas prioritet sahələrdən biridir. Hesab edirik ki, bu təkliflər paketinin qəbulu ölkə başçısının göstərişinə dəstək olacaq və bu islahatın uzun müddətli olmasına kömək edəcək.


- Korrupsiya ilə mübarizənin ölkə iqtisadiyyatına və neft sektoruna təsiri haqqında nə deyə bilərsiniz?


- Bu proses birmənalı şəkildə iqtisadiyyata yeni imkanlar açacaq. Korrupsiya ilə mübarizə biznesin inkişafı, rəqabətin gücləndirilməsi, istehlak bazarında azad qiymətlərin müəyyənləşdirilməsi deməkdir. Biz hesab edirik ki, Azərbaycanda aparılan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istehlak bazarında müəyyən ərzaq məhsulların qiymətlərinin aşağı düşməsinə gətirib çıxara biləcək. Bundan əlavə korrupsiyaya qarşı mübarizə Bakıdakı mənzillərin qiymətinin də azalmasına gətirib çıxaracaq. Çünki məhz bu cür xidmətlərdə qeyri-rəsmi ödənişlər müəyyən paya malikdir. Korrupsiya, rüşvət olmazsa, istehlak bazarında qiymətlər aşağı düşər. Belə olan halda bundan vətəndaşlar xeyr görəcək, iqtisadi inkişaf üçün yeni qapılar açılacaq. Bu islahat çərçivəsində hər bir vətəndaş xeyir görəcək. Bu iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, Azərbaycanda qeyri- neft sektorunun inkişafı prioritet məsələlərdən biridir, mübarizə bu sahədə də stimul yaradacaq. Birmənalı şəkildə sahibkarlar bu prosesdən udacaqlar.


- Milli Məclisin iqtisadi siyasət komitəsi "Rəqabət Məcəlləsi" haqqında qanun layihəsi hazırlayıb. Belə bir qanunun qəbulu bazarlarda rəqabət mühitinin formalaşmasına nə kimi təsir göstərə bilər?


- Rəqabət Məcəlləsi haqqında qanunun qəbulu vacibdir. Çünki Rəqabət Məcəlləsi praktiki olaraq istehlak bazarında rəqabətin formalaşması və müdafiəsi ilə bağlı bütün məsələləri əhatə edəcək. Bu məcəllənin uzun müddət müzakirə olunması və qəbulu ilə bağlı müəyyən yubanmalar birbaşa onunla əlaqədardır ki, burada söhbət kifayət qədər əhəmiyyətli bir məcəllənin qəbulundan gedir. Məcəllə yaxın vaxtlarda qəbul olunacaq və tətbiq olunacaq. Biz güman edirik ki, bu məcəllənin qəbulu birmənalı şəkildə istehlak bazarına təsir göstərəcək, istehlak bazarında rəqabətin artmasına imkan yaradacaq. Belə bir layihənin qəbulu nəinki istehlak bazarının, bütövlükdə real sektorda biznes, iş mühitinin inkişafına və sağlam rəqabətə əsaslana biznes mühitinin yaranmasına imkan verəcək. Burada digər bir məqam ondan ibarətdir ki, ölkədə korrupsiyaya qarşı mübarizənin aparılması Rəqabət Məcəlləsinin daha düzgün, daha obyektiv icra olunmasına imkan yaradacaq. Ona görə ki, məcəllənin qəbulu ilə bağlı ən böyük narahatçılıq onun qəbulu yox icra məsələsi idi. Yaxşı ki, ölkədə anti-korrupsiya məsələsi həyata keçirilir. Məhz bu tədbirlərin fonunda belə bir qanun qəbulu istehlak və biznes bazarında canlanmanın yaradılmasına stimul yarada bilər.


- Ölkədə ərzaq məhsulların qiymətinin dövlət tərəfindən tənzimlənməsi üçün proqram hazırlanması nəzərdə tutulur. Proqram nəyi dəyişə bilər?

- Dövlət başçısı cari ilin yanvar ayında Nazirlər Kabinetinin 2010-cu ilin yekunları ilə bağlı iclasında bununla bağlı göstəriş verdi. Qiymətlərin tənzimlənməsi olduqca vacibdir. Burada söhbət qiymətlərin inzibati yolla tənzimlənməsinən getmir. Söhbət birmənalı şəkildə qiymətlərin tənzimlənməsi, istehlak bazarında süni qiymət artımının qarşınının alınmasından gedir. İstehlak bazarında müşahidə olunan qiymət artımı dünya bazarında gedən qiymət artımı ilə bağlıdır. Dünya Bankı 2011-ci ildə dünya bazarında ərzaq məhsullarının qiymətinin 18 faiz artacağı ilə bağlı proqnoz verib. Beynəlxalq maliyyə qurumları isə bu rəqəmin 25-ə çatacağını proqnozlaşdırır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qiymət artımının qarşısının alınmasında kifayət qədər üstünlükləri var. Yerli və daxili istehsalı artırmaqla ölkəmiz idxaldan asılılığı aradan qaldıra bilər. Bu da təbii ki qiymətlərin tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Lakin qiymətlərin tənzimlənməsi, ölkədə süni qiymət artımına qarşı mübarizənin genişləndirilməsini təklif edirik. Çünki dünyada qiymət artımı baş verən zaman Azərbaycanda qiymətlərin tənzimlənməsi olduqca vacibdir. Bu islahat xüsusən də istehlak bazarında qiymət artımının aşağı düşməsinə və bəzi qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər.


- Azad iqtisadi zonalar haqqında qanunun qəbul edilməsinə baxamayaraq hələ də bu proses gecikir. Buna səbəb nədir?


- "Azad iqtisadi zonalar" haqqında qanun qəbul edilməsinə baxmayaraq onun gerçəkləşməməsi Azərbaycanla bağlı məsələ deyil. Bu dünyada baş verən qlobal maliyyə böhranı ilə bağlıdır. Çünki qlobal maliyyə böhranı vəziyyətində azad iqtisadi zonalar yaratmaq çətin olur. Belə zonalar daha xarici investorlar üçün hesablanan proqram, islahatdır. Böhran dövründə sərmayə, investisiya qoyuluşu zəifləyir, xarici iş adamları öz vəsaitlərini itirir, gəlirləri azalır. Lakin burada digər məqam ondan ibarətdir ki, azad iqtisadi zona yaradan zaman kifayət qədər diqqətli olmaq lazımdır. Əgər belə bir zonanın yaradılmasına cəhd edilərsə, onun yaradılmasında formalaşmasında uğursuzluğa düçar olunarsa, bütövlükdə bu prosesə həm yerli iş adamları, həm də xarici iş adamlarının marağı azala bilər. Qısa bir zamanda belə bir zonanın yaradılması haqqında qərarlarla razı deyiləm. Ona görə ki, azad iqtisadi zonanın hansı rayonda, bölgədə yaradılması, onların maliyyə əsalaslandırılması aparılmalı, kadrların təlabatının ödənilməsi, regional inkişafla bağlı məsələlərlə əlaqədar öz əksini tapmalıdır. Həmin regionun Bakıya yaxınlığı olduqca vacibdir. İxtisaslı kadrların böyük əksəriyyəti Gəncədə, Bakı, Sumqayıt, iri şəhərlərdə cəmləşib. Bölgənin düzgün seçilməsi olduqca önəmlidir. Lənkəranda belə bir zonanın yaradılması müzakirə olunsa da müzakirə dayandı. Ona görə ki, Lənkəran İrana yaxındır, bu məsələ xarici investorların cəlb olunmasına mane ola bilər. Müzakirələr gedir, güman olunur ki, bu il onların yaradılması ilə bağlı qərar qəbul olunacaq və gələn ildən belə zonalar yaradılacaq.


- Sizcə, hansı bölgələr bu zonalar üçün daha uyğundur?


- Biz Xızı rayonu ətrafında belə bir zonanın həyata keçirilməsini məqsədəuyğun hesab edirik. Çünki Xızı həm Sumqayıta həm də Bakıya yaxındır və burada yaşayanlar Xızıda işləməyə gedə bilərlər. Bakıda yaşayan hər bir kəs 40 dəqiqəyə Xızı rayona gedə bilər.
Bundan əlavə, belə bir zona Gəncəyə yaxın ərazidə ola bilər. Gəncədə deyil, onun ətrafında məsələn Şəmkirdə və digər qonşu rayonlarda. Belə bir zonanın Gəncədə yaradılmasının əhəmiyyətli cəhətlərindən biri ixtisaslı kadrların olmasıdır. Əgər Gəncədə belə bir zona yaradılarsa, həmin kadrların işlə təmin olunması məsələsi həll olunacaq. Bu proses Gəncə ətrafı rayonların inkişafına da təsir göstərəcək.
Həmçinin azad iqtisadi zona cənubda da ola bilər. Lakin o Lənkəranda, yəni İran sərhədinə yaxın ərazidə deyil, mərkəzi rayonlara yaxın olan ərazidə ola bilər.


- Bəzi iqtisadçılar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatina üzv olmağı, bəziləri isə üzv olmamağı məsləhət görür. Siz necə düşünürsünüz?


- ÜTT-yə üzvlüklə bağlı Azərbaycana 1997-ci ildə müraciət olunub. Təxminən 14 ilə yaxındır ki, Azərbaycanla ÜTT arasında danışıqlar aparılır, lakin hələ də ölkəmiz bu təşkilatın üzvü deyil. Dünyanın 154 ölkəsi onun üzvüdür. Dünya ticarətinin təxminən 93 faizi ÜTT-yə üzv olan ölkələr tərəfindən həyata keçirilir. Azərbaycan ÜTT-yə ölkəmizə maraqlı olan şərtlər əsasında daxil olmalıdır. Ona görə ki, ÜTT-yə daxil olduqdan sonra şərtləri dəyişdirmək mümkün deyil. O baxımdan ÜTT-yə daxil olan zaman şərtlərin məhz Azərbaycanın maraqlarına uyğun olaraq razılaşdırılması olduqca vacibdir. Tələsik qərarların verilməsi arzu olunan deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın ÜTT-dən kənarda qalması da Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərə bilər. Qonşularımız artıq ÜTT-yə daxil olub. İnvestisiyaların cəlb edilməsi, Azərbaycanlı iş adamlarının beynəlxalq aləmə çıxışı baxımından əhəmiyyətlidir. Ölkəmizin bu təşkilata daxil olması istehlak qiymətlərinin aşağı düşməsi üçün mühümdür. Azərbaycan da maraqları nəzərə almaqla proses sürətlənib. Güman edirəm ki, bu addımlar ölkəmizin ÜTT-yə üzv olmasını daha da stimullaşdıracaq. Azərbaycan höküməti birmənalı şəkildə Avropaya inteqrasiya etməyi bəyan edib. ÜTT üzvülüklə bağlı siyasi iradə var. Bu yaxın vaxtlarda həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə