YAP hər dəfə yeni təşəbbüslərlə çıxış edir ÖZƏL -MÜNASİBƏTLƏR

YAP hər dəfə yeni təşəbbüslərlə çıxış edir  ÖZƏL -MÜNASİBƏTLƏR

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib. Aksiyanın əhəmiyyətin danışan Milli Məclisin deputatları öz təəssüratlarını SİA ilə bölüşüblər:

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov: “Bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyan Məhərrəm ayına təsadüf edir. Dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz. Kimsə Aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki Quran qadağan edir. Allah da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər. Aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvləri aksiyada fəal iştirak edir. YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə də davam edəcək. Qanvermə aksiyası humanist xarakterli tədbirdir. Partiyanın üzvləri bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev: “Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyası keçirir. Bu aksiya böyük məna daşıyır. Qanvermə aksiyası humanizm aksiyasıdır, cəmiyyətin üzvlərinin qana ehtiyacı olan insanlara köməyidir. Bu cür xeyirxah tədbirlərlə insanlarımız birlik, həmrəylik nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının bu təşəbüüsü respublikamızın hər yerində, bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır. Bunun nəticəsidir ki, aksiyada müxtəlif təşkilatların nümayəndələri də könüllü olaraq iştirak edirlər. Bilirsiniz ki, talassemiya, hemofiliya, müxtəlif cərrahi əməliyyatlar keçirən insanların qana ehtiyacı var. Bu aksiya vasitəsilə həmin insanlara təmənnasız olaraq yardım göstrəmiş oluruq. Bu da dövlətimizin, partiyamızın humanist xarakterindən, xalqımızın həmrəyliyindən irəli gəlir. Çox sevindiricidir ki, bu prosesdə gənclərimiz çox fəaldır. Bu da nümunəvi haldır. Bir sözlə, nəcib əməllərin insanlar arasında paylaşılması çox yaxşı haldır. Bununla da biz xoş ənənələrimizi yaşadırıq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı: “Yeni Azərbaycan Partiyasının təşkil etdiyi qanvermə aksiyası böyük mənəvi əhəmiyyət kəsb edir. Partiyamız hər zaman müxtəlif xarakterli aksiyalar keçirir. Bunların arasında humanizm xarakterli tədbirlər üstünlük təşkil edir. Bu baxımdan, qanvermə aksiyası da böyük əhəmiyyət kəsb edir. Çünki qana ehtiyacı olan insanlar var. Bu onlara həyat verir. Artıq məhərrəm ayı başlayıb və bu ayda qan vermək ənənə halını alıb. Bilirsiniz ki, xurafata uyanlar bu ayda başlarını yararaq, bədənlərinin müxtəlif yerlərinə xəsarət yetirirək qanlarını tökürlər. Biz bu cür hallara yol verməməliyik, xeyirxah əməlləri davam etdirməliyik. Bu ayda ramazan və digər müqəddəs təqvimlərdə olduğu kimi xeyirxahlıq etmək, nəcib işlər görmək ənənə halını alıb. İnsanın öz qanından ehtiyacı olan bir başqasına verməsi böyük nəciblikdir. Ona görə də partiyamızın üzvləri bu kimi aksiyalarda həmişə fəal iştirak edir”.

Milli Məclisin deputatı Elman Nəsirov: “Yeni Azərbaycan Partiyasının təşkil etdiyi qanvermə aksiyasının çox böyük əhəmiyyəti vardır. YAP-ın təşəbbüsü ilə onun Mərkəzi Qərargahında keçirilən qanvermə aksiyası nəticə etibarilə irsi qan xəstəliyindən əziyyət çəkən insanların qanla təminat məsələsində çox mühüm rola malikdir. Artıq bu bir ənənəyə çevrilib. Biz dəfələrlə şahidi olmuşuq ki, YAP bu kimi mühüm dövlət əhəmiyyətli aksiyanı həyata keçirir. Hesab edirəm ki, bu ənənən artıq başqa ölkələrdə də öyrənilməyə başlanılıb. Məndə olan məlumata görə, Gürcüstanda, Ukraynada və digər ölkələrdə də Azərbaycanda keçirilən bu aksiyanın əhəmiyyəti öyrənilir və onun tətbiqi məsələsini nəzərdən keçirirlər. Bütövlükdə biz bu aksiyanı alqışlayırıq”.

Milli Məclisin deputatı İlham Məmmədov: “Təsəvvür edək ki, bu gün donor kimi iştirak edən insanlar yüzlərlə insanın həyatının xilas edilməsində iştirak edəcəklər. Bəyəm bundan xeyirxah bir missiya ola bilər? Ümumiyyətlə tibbi nöqteyi-nəzərdən də götürdükdə insanın müəyyən bir vaxtdan sonra qan tranzitlərinin yenilənməsi üçün qanvermə aksiyalarının keçirilməsi vacib bir məsələdir. Amma ümumilikdə niyyət aydın və çox xoşdur. Bu gün burada donor kimi götürülən qanlar körpə uşaqların, qandan əziyyət çəkənlərin, ehtiyacı olan insanların sağlamlığına xidmət edəcək. YAP təkcə bu gün yox, ümumiyyətlə ayrı-ayrı tədbirlər, əhəmiyyətli hadisələr çərçivəsində müxtəlif aksiyalar keçirir. YAP-ın bütün üzvləri buna qoşulub və bundan böyük bir şərəf duyurlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə