Ali Məhkəmədə AŞPA-nın komitə sədri ilə görüş keçirilib

Ali Məhkəmədə AŞPA-nın komitə sədri ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədri, İslandiya parlamentinin üzvü xanım Sunna Thorhildur Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüb. Ali Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Cinayət kollegiyasının sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışıb, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qısa müddətdə bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya qoşulub. Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir. Qeyd edib ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir. Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb və bu təqdir olunur.

Görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılıb.

Sonda Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov qonaqları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə